.jpg)
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi Culfa rayonunun Bənənyar kəndində dörd nəfərin işgəncələrə məruz qalaraq vəfat etməsi, bir nəfərin isə ağır vəziyyətdə olması barədə mətbuatda yazılan məlumatları təkzib edib.
Daimi nümayəndəlikdən APA-ya bildiriblər ki, bəzi hüquq müdafiəçiləri ötən ilin dekabrından bu günə kimi həmin kənddə dünyasını dəyişən insanların hamısını işgəncə qurbanı kimi qələmə verir. Məlumatda qeyd olunur ki, işgəncə qurbanı kimi qələmə verilən Əliyev Fərzalı Əli oğlu səkkiz ay əvvəl ailəsilə birlikdə Bakı şəhərinə köçərək orada yaşayıb və tikintidə çalışıb. İki dəfə gizli infarkt keçirən Fərzalı Əliyev 2010-cu il yanvarın 15-də ürək ağrıları şikayətilə Bakı şəhərindəki Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib, orada infarktdan vəfat edib. Nümayəndəlikdən bildiriblər ki, işgəncəyə məruz qalaraq vəfat etdiyi iddia olunan Əliyar Tahar oğlu Həsənov Saratov şəhərində yaşayıb, böyrək çatışmazlığı xəstəliyinə düçar olub, uzun müddət Bakı şəhərində müalicə alıb. Böyrək çatışmazlığı problemilə bağlı həmin şəxsdə karlıq və qara ciyər xəstəliyi yaranıb, 2010-cu il yanvarın 18-də kəskin böyrək çatışmazlığından vəfat edib. Bundan başqa, nümayəndəlik işgəncə qurbanı kimi təqdim olunan Eldəniz Cəbiyevin ağ ciyər xərçəngindən əziyyət çəkdiyini, yanvar ayında müalicə almaq məqsədilə İrana getdiyini, Təbrizdə "Şəhriyar" xəstəxanasında müalicə aldığını bildirib. Səhhəti ağırlaşan Eldəniz Cəbiyev kəndə gətirilib və fevralın 6-da xərçəng xəstəliyindən vəfat edib. Daimi nümayəndəlik mətbuatda işgəncəyə məruz qalaraq vəfat etdiyi iddia olunan Rza Nuriyev və Nadir Ələkbərovun da müxtəlif xəstəliklər nəticəsində dünyasını dəyişdiyini bildirib.