VİP Bakı Şəhər İcra Hakimiyyətini partiyalara qarşı ayrı-seçkilik etməkdə suçladı
Bizə niyə torpaq vermirsiniz?
Azərbaycanda siyasi partiyalara doğma-ögeylik münasibəti var.
Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin təşkilati məsələlər üzrə müavini Büllur Hümbətov "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, bəzi partiyalar üçün istənilən münbit şərait yaradılsa da, müxalifət partiyaları bu diqqətdən kənarda qalır: "Vətəndaş və İnkişaf Partiyası özünə ofis tikdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq torpaq sahəsi istəsə də, bu günə qədər meriya partiyanın müraciətinə müsbət cavab verməyib. Halbuki, Yeni Azərbaycan Partiyasına istənilən şərait yaradılır, onlar rayon və şəhər icra hakimiyyəti binalarından da gözəl binalarla təmin olunur. Hətta hakim partiyaya müəyyən tikinti işləri aparmağa da şərait yaradılır. Eyni zamanda, hakimiyyətə yaxınlığı ilə seçilən partiyalar da qərargahla təmin edilir. Çox təəssüflər olsun ki, bu münasibət hamıya qarşı eyni deyil".