.jpg)
Xəbər verildiyi kimi, martın 3-də "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili işlər naziri Ramil Usubovla görüşüb. Görüş Rauf Arifoğlunun DİN-ə 1 mart tarixli müraciəti əsasında baş tutub.
Müraciətdə baş redaktorun son vaxtlar özünün və hərəkət etdiyi avtomobilin slavyan mənşəli naməlum şəxslər tərəfindən izlənməsi, bu izlənmənin ailə üzvlərilə şəhərin ayrı-ayrı məntəqələrində olarkən də davam etməsi, bunların yaşatdığı narahatlıqlar ifadə olunmuşdu. Ramil Usubov bütün bunlarla bağlı baş redaktordan bilavasitə məlumat alıb, ayrı-ayrı detallarla bağlı dəqiqləşdirmələr aparıb. Nazir baş redaktora bildirib ki, narahatlıq üçün ciddi səbəblər görmür. Lakin DİN yenə də lazım olan bütün tədbirləri görəcək.
R.Arifoğlu bizimlə söhbətində bildirdi ki, ötən həftənin ortalarından başlayaraq izləndiyini hiss edib: "Fevralın 28-də açıq-aşkar izləndiyimi gördüm. Amma bu saniyələrdə izlənmə hiss etmirəm. Bazar günü azyaşlı oğlumla şəhərə gəzməyə çıxmışdım. Dənizkənarı Parkı və Qız Qalasını dolaşdıq. Həmin şəxslər tərəfindən Qız Qalasının meydançasına qədər müşaiyiət olundum. Məni izləyənlər slavyan tipli insanlara oxşayırdı. Yəni qafqazlıya oxşamadıqlarına görə narahatlığım daha çoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladım. Mənə qarşı açıq təqib prosesi həyata keçirilib. Düzdür, mən belə şeylərə alışmışam. Yəni bunu həyatımda xüsusi hadisə saymıram.
Son vaxtlar bir qədər fəallaşmağımız, jurnalistlərin bir yerə yığışması ola bilsin ki, belə halların yaranmasına gətirib çıxarıb. Daxili işlər nazirilə görüşdük, danışdıq. Nazir söz verdi ki, lazım, olan tədbirlər görüləcək".
R.Arifoğlu bildirdi ki, onu izləyən şəxslərin görüntülərini əldə etmək mümkündür: "Mümkündür ki, onların görüntüləri bulvarda və Qız Qalasının yaxınlığındakı kameralarda olsun. İstəsələr bunu araşdıra bilərlər".