.jpg)
Xəbər verildiyi kimi, fevralın 28-dən martın 1-nə keçən gecə "Şəmkirli Saşa" kimi tanınan Şahbaz Süleymanova silahlı basqın edilib. Ş.Süleymanov Hüseyn Cavid parkının yaxınlığında "Mersedes" markalı avtomobilində olarkən ona tapançadan atəş açılıb. Ş.Süleymanovun başına tuşlanan güllə təsadüf nəticəsində avtomobildə quraşdırılmış monitora dəyib.
Hadisənin "Qoca" ləqəbli Ağdam rayon sakini Məmmədov Namiq Hadı oğku tərəfindən törədildiyi bildirilir. Qeyd olunur ki, uzun müddət Rusiyada yaşayan tanınmış iş adamı, "Şəmkir" Futbol Klubunun sabiq prezidenti Ş.Süleymanovla "Qoca" arasında mübahisə yaranıb. Belə ki, "Şəmkirli Saşa" borc aldığı böyük məbləğlz pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, "Qoca" ləqəbli Namiq Məmmədov saxlanıb və hadisə ilə bağlı istintaq işləri aparılır. N.Məmmədovun adı digər cinayət işlərində də hallanır. Ağdam rayon sakini, hazırda Bakı, şəhəri 2-ci mikrorayon, Cavad Xan küçəsi ev 40, mənzil 149 ünvanında yaşayan Nəcəfov Rafiq Qulam oğlunun redaksiyamıza verdiyi məlumatda N.Məmmədovun digər cinayət əməlləri ilə bağlılığından bəhs edilir. Şikayətçi bildirir ki, kürəkəni, 1959-cu il təvəllüdlü Həsənov Yaqub Əkbər oğlu və qaynı Nəcəfov Samir Rafiq oğlu 2007-ci il sentyabrın 14-dən 15-nə keçən gecə yaşadığı mənzilin qarşısında idarə etdiyi şəxsi avtomobilindən düşüb evə gedərkən naməlum şəxs tərəfindən güllə atəşinə tutulub. Yaqub Həsənov aldığı 5 güllə yarasından yerindəcə dünyasını dəyişib, Samir Nəcəfov isə ağır yaralanıb.
Baş verən hadisə ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılsa da, günahkarlar aşkar edilməyib. Bir il sonra cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib.
"Yaqub Həsənov ölümündən qabaq ailə üzvlərinə, yaxınlarına açıq şəkildə bildirmişdi ki, onun həyatına hansısa təhlükə olsa, bu, "Qoca" ləqəbli Məmmədov Namiq Hadı oğlu tərəfindən olacaq. Dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə tərəfimizdən müraciətlər edilərək, kürəkənimin qatilinin Namiq Məmmədov olduğu bildirilib. Onun 1994-cü ildə həmyerlisi Vaqif Quliyevi, 2001-ci ildə Şahin Ələsgərovu ("Razin" Şahin), 2007-ci ildə Yaqub Həsənovu qətldə yetirdiyi və 2009-cu ildə Binəqədi rayonunda Adil Rəhimova və oğluna silahlı basqında iştirak etdiyi məlumdur. Onun digər cinayətləri də var. Sadəcə, üstü açılmayıb. Namiq Məmmədovun əvvəlki cinayətləri açılmamış qaldığı üçün o, cəzasızlıq mühitindən istifadə edərək növbəti cinayətlərini törətməkdə davam edib".
Rafiq Nəcəfov hazırda istintaq işini aparan ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini, kriminalistika şöbəsinin rəisi Fəxrəddin Pənahovdan "Qoca"nın digər cinayətlərini də araşdırmalarını xahiş edir: "Obyektiv və peşəkar araşdırma aparılsa, daha ilginc faktlar, cinayət hadisələri üzə çıxa bilər. Onun uzun müddət cəzasız qalmasının səbəbləri də araşdırılmalıdır.
Bununla bağlı bütün əlaqəli şəxslər istintaqa cəlb olunmalı, barələrində sərt tədbir görülməlidir".
R.Nəcəfov bildirir ki, "Qoca"nın avtoritetlərlə sıx əlaqəsi olub: "Kürəkənimin qətlindən az sonra Namiq Məmmədov Rusiyanın Yessentuki şəhərinə gedib. Orada sabirabadlı Hikmət kimi tanınan şəxsin sürücüsü olmuş, Azərbaycanda axtarışda olan Mürvətlə görüşüb. Mürvət sərhəddi qanunsuz yolla keçərək "Qoca"nın oğlunun toyunda iştirak edib. Yəni bu adamın kriminal dünyanın nümayəndələrilə sıx əlaqəsi olub".
Bütün bunların nə qədər maraqlı olmasına baxmayaraq, həqiqəti yalnız səlahiyyətli dövlət orqanları araşdıra bilər. Biz isə qarşı tərəflərin də mövqeyini çap edə bilərik.