Elçin Behbudov Eynulla Fətullayevin həbsxanadan göndərdiyi xəbərçilik söhbətinə cavab verdi
.jpg)
Məlum olduğu kimi, həbsdə olan jurnalist Eynulla Fətullayev Qaradağ Rayon Məhkəməsinin 25 fevral tarixli ona qarşı qanunsuz narkotik maddə saxlamaq ittihamı üzrə istintaqın daha 2 ay müddətinə uzadılması barədə qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Şikayətdə Fətullayev bir sıra sensasion bəyanatlar verərək, həbsinin səbəblərinə və digər məqamlara aydınlıq gətirib.
E.Fətullayevin açıqlamasında diqqət çəkən məqamlardan biri onun hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla bağlı dedikləridir.
"Sentyabrın sonlarında Mikloş Haraşti və hüquq müdafiəçisi Elçin Behbudov mənə baş çəkib. Mən onlara bildirdim ki, son illər ölkədə baş verən hadisələr və həbsxanada olmağım barədə kitab yazmışam. Kitabın birinci cildi artıq hazır idi, ikincinin üzərində isə hələ işləyirdim" deyən Fətullayevin sözlərinə görə, üç gün sonra onun kamerasında yoxlamalar aparılıb və əlyazması müsadirə edilib. Həbsxana rəisi Ağayev bildirib ki, Behbudov MTN-ə əlyazma haqqında məlumat verib və Ədliyyə Nazirliyi rəhbərliyinə onu müsadirə etmək tapşırılıb.
E.Fətullayevin açıqlamalarından belə çıxır ki, E.Behbudov hüquq müdafiəçisi adı altında, əslində onun yanına MTN-in xəbərçisi qismində gəlib. Açıqlamalara münasibət öyrənmək üçün dünən E.Behbudovun özü ilə danışdıq. Hüquq müdafiəçisi gözlənilən cavabı verdi: "Bunlar hamısı uşaq söhbətləridir. Mənə qarşı təxribatdır. Elçin Behbudov dəfələrlə beynəlxalq təşkilatların nümayəndələrilə birlikdə həbsxanalarda olub, məhbuslarla görüşüb. Mən məgər nə işləyirəm? Söz aparıb-gətirənəm?"
E.Behbudov onu da qeyd etdi ki, Eynulla Fətullayevin onun barəsində səsləndirdiyi fikirlərlə bağlı həbsxana rəisi Avtandil Ağayevlə əlaqə saxlayıb: "Avtandil Ağayev mənə dedi ki, heç kimə mənim guya Eynullanın yanından çıxandan sonra MTN-də kimlərləsə görüşməyim barədə məlumat verməyib.
Mənim barəmdə deyilənlər Eynulla Fətullayevin fantaziyasından başqa bir şey deyil. Eynulla Fətullayev mənim dostumdur və mən həmişə onu müdafiə etmişəm. İndi o qapalı yerdədir, kimsə barəsində nəsə deyibsə bilmirəm. Yəqin ki, kimlərsə ona təsir edib".