Nurəddin İsmayılov: "Bu barədə xəbərsiz olduğumdan, məsələyə tam mükəmməl cavab verə bilməyəcəyəm"
Əli Orucov: "Bizə dəvət gəlməyib"
İqbal Ağazadə: "Şəhərdə olmadığım üçün görüşə bilmədim"
Seçki günü yaxınlaşdıqca beynəlxalq qurum nümayəndələrinin ölkəmizə səfərləri də intensivləşir. Bu səfərlər çərçivəsində həmin qurumların nümayəndələri, iqtidar təmsilçilərilə yanaşı, müxalifətdən olan siyasilərlə də görüşür. Bakıda səfərdə olan Avropa İttifaqına (Aİ) sədrlik edən İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinosun başçılıq etdiyi nümayəndə heyəti srağagün müxalifət təşkilatlarının rəhbərlərilə görüşüb.
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazovun iştirak etdiyi görüşdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, Aİ-Azərbaycan münasibətləri, Azərbaycanda siyasi məhbuslar problemi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Dəvət olunanlardan biri Müsavat Partiyasının başqanı İsa Qəmbər olsa da, o tədbirə qatılmayıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuata verdiyi məlumata görə, İ.Qəmbərin görüşdə iştirak etməməsi sırf texniki problemlə bağlı olub: "Moratinosun Azərbaycana gəlişi bir neçə saat gecikdiyi üçün görüşün vaxtı da bir neçə dəfə dəyişdirildi. Bu səbəbdən İsa Qəmbər görüşdə iştirak edə bilməyib". Maraqlıdır ki, beynəlxalq təşkilat rəhbərlərinin son görüşlərində müxalifətdə olan bir sıra partiyaların rəhbərləri ümumiyyətlə görünmür. Keçən ayın ortalarında ATƏT-in Qazaxıstandan olan yeni sədrinin müxalifətlə görüşündə AMİP və ADP kimi siyasi təşkilatlar iştirak etməmişdi. Daha doğrusu, onlar görüşə dəvət olunanlar sırasında olmayıb. Moratinosla görüşdə, həmin partiyalarla yanaşı, Ümid Partiyasından da iştirak edən olmayıb. Görəsən niyə?
AMİP sədrinin müavini Əli Orucov dəvət edilmədiklərini bildirdi: "Bizə dəvət gəlməyib. Belə görüşlərin hansı kriteriya və prinsiplərlə müəyyənləşdiyini bilmirik, bu bizə məlum deyil. Amma qəribədir ki, Avropa Azərbaycanda demokratik təsisatların inkişafı və demokratik institutların mövcud durumu ilə maraqlanmaq və bunu yerində araşdırmaq istəyirsə, burada aparıcı qüvvələrdən biri olan AMİP-in protokola salınmaması bizdə bir qədər təəccüb doğurur. Nədən avropalı dostlarımız belə seçim edib? Biz İsveç səfərində olarkən onlara öz iradlarımızı bildirdik.Onlar da bu məsələnin araşdırılaraq müvafiq addımlar atılacağına söz vermişdi. Hələlik bu sahədə ciddi irəliləyiş görünmür. Düşünürəm ki, bu istiqamətdə ciddi araşdırmanın aparılmasına nail olacağıq. Ölkənin aparıcı siyasi qüvvəsi kənarda saxlanır, sosial dayaqları məhdud olan və ya olmayanlar isə görüşlərə dəvət olunur. Belə görüşlərin mahiyyəti nədir və bundan avropalılar nə qazanır? Hələlik bu suallara aydınlıq gətirilməsinə nail olmamışıq. Güman edirəm ki, avropalı qonaqlar ölkədə cəmiyyətə təsir edə bilən siyasi qüvvələrlə o qədər də geniş kontakt yaratmamağa çalışır. Bu gün Azərbaycandakı siyasi vəziyyətin belə acınacaqlı hala salınmasının əsas günahkarlarından biri də məhz avropalı dostlarımızdır".
ADP sədrinin mətbuat məsələləri üzrə müavini Nurəddin İsmayılov rəhbərlərinin sözügedən görüşə dəvət olunub-olunmadığından xəbərsizdir: "Bu barədə xəbərsizəm.
Ona görə də bu məsələyə tam mükəmməl cavab verə bilməyəcəyəm. Amma son vaxtlar beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Birliyindən gələn nümayəndələrdə bir qrup müxalifət təmsilçisi və daha çox iqtidar nümayəndələrilə görüşmək tendensiyası formalaşıb. Bu da onların demokratiyaya münasibətini aşkarlayır. Həmin fakt Qərb dairələrinin demokratiyadan öncə özlərinin iqtisadi maraqlarına önəm verməsinin nəticəsidir. Bu onların demokratiya vədlərinin tamamilə riyakar vəd olduğunu da üzə çıxardı. Belə hallar Azərbaycanda vəziyyətin heç də normallaşmasına hesablanan addımlar deyil".
Ümid Partiyası isə görüşə texniki problemlər səbəbindən qatıla bilməyib. Bu barədə məlumat verən partiya sədri İqbal Ağazadə həmin gün şəhərdən kənarda olduğunu dedi: "Həmin gün şəhərdə yox idim. Onlar isə şəxsən özümün iştirak etməsi məsələsini qoymuşdular. Mən də şəhərdə olmadığım üçün görüşə bilmədim. Yəni orada olmamağımız sırf texniki səbəblərlə bağlı idi. Qalan bütün görüşlərin hamısında biz iştirak etmişik".