Partiya namizədlərinin seçki kampaniyyasını maliyyələşdirmə imkanları ilə bağlı sorğu keçirdik
AMİP, Əli Orucov: "Namizədlərin hansı imkana malik olmasını müəyyənləşdirmək çox çətindir"
KXCP, Xəzər Teyyublu: "Partiya olaraq hansı namizədin, hansı imkana malik
olduğunu xüsusi araşdırmamışıq"
BAXCP, Elçin Mirzəbəyli: "Maliyyə vəsaitlərilə bağlı son qərar partiya siyahısının MSK-da təsdiq olunmasından sonra bəlli olacaq"
Qarşıdan parlament seçkiləri gəlir. Normal seçki kampaniyası aparmaq üçün hər bir namizədə külli miqdarda vəsait lazım olur. Çünki kampaniya dövründə namizəd platformalarını, şəkillərini çap edib yaymalıdır. Həmçinin, seçicilərlə birbaşa görüşlər keçirməli və kütləvi informasiya vasitələrində təbliğat-təşviqat kampaniyası aparmalıdır.
Bütün bunlar böyük vəsait tələb edir. O da sirr deyil ki, bəzən seçki kampaniyasında namizəd yüz min manatlarla maliyyə vəsaiti sərf edir ki, təki deputat seçilsin. Ancaq nəticədə buna nail ola bilmir.
Ölkədəki partiyalar hələlik dövlət tərəfindən maliyyəlişdirilmir. Partiyaların öz imkanları da elə böyük deyil ki, partiya siyahısı ilə namizədliyini vermiş namizədlərin təbliğat-təşviqat kampaniyasını maliyyələşdirsin. O zaman bütün yük namizədin üzərinə düşür. O baxımdan maraqlıdır, partiyalar üzvləri arasında seçki kampaniyasını, ən azı, orta səviyyədə maliyyələşdirə biləcək namizədləri müəyyən etməklə bağlı araşdırma aparırmı? Eyni zamanda, neçə nəfər belə imkana malikdir? Sözügedən məsələ ilə bağlı münasibət öyrəndiyimiz partiya rəsmiləri bu barədə konkret açıqlama verməkdə çətinlik çəkdilər.
Qəzetimizə açıqlama verən AMİP-in təbliğat və təşviqat katibi Əli Orucovun sözlərinə görə, parlament seçkilərinə hazırlıqla bağlı, partiya olaraq, tədbirlər planı hazırlayıblar: "İlk öncə onu qeyd edim ki, 38 dairə üzrə namizədlərimizi müəyyənləşdirmişik. Digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi rayon şuralarının səlahiyyətindədir. Həmin rayon şuraları daha yaxşı bilir ki, hansı namizəd seçkidə namizədliyini vermək imkanına və bacarığına malikdir. Hərtərəfli təhlillər aparırıq ki, hansı bölgədə AMİP namizədinin qalib gəlmək imkanları nə dərəcədədir. Ancaq bir reallığı da etiraf etmək lazımdır ki, bu gün müxalifət partiyalarının üzvü olan və namizədliyini verəcək şəxslərin maddi imkanları çox aşağı səviyyədədir. Məsələn, AMİP-də bir çox namizədlər var ki, onların nüfuzu, şəxsi keyfiyyəti parlament seçkilərində iştirak etməyə kifayət edir. Ancaq həmin namizədlərin maliyyə vəziyyəti onlara seçki təbliğatını aparmağa imkan vermir. Biz də çalışırıq, bu məsələ ilə bağlı ortaq məxrəc tapaq. Digər tərəfdən, müxalifət düşərgəsində namizədliyini verən və maliyyə vəziyyəti az-çox yaxşı olanlar bu barədə açıqlama verməkdən ehtiyat edir. Fikirləşirlər ki, hansısa informasiya sızacaq və əllərində olan az-çox vəsaiti itirəcəklər. Ona görə də namizədlərin hansı imkana malik olmasını müəyyənləşdirmək çox çətindir".
KXCP-nin sədr müavini Xəzər Teyyublu hesab edir ki, seçkidə namizədliyini verən hər şəxs üçün maliyyə imkanları əsas faktorlardan biridir: "Seçicilərlə görüş, təbliğat-təşviqat işi, seçki qərargahının saxlanması maliyyəsiz mümkün deyil. Bütün bunlar hamısı pul deməkdir. Partiya olaraq, hansı namizədin hansı imkana malik olduğunu xüsusi araşdırmamışıq. Sadəcə, partiya olaraq, bunu namizədin öz öhdəsinə buraxmışıq. Çünki təşkilat olaraq, bizim bunun üçün maliyyə imkanımız yoxdur. KXCP-nin təşkilat olaraq elə imkanı yoxdur ki, ölkədəki 125 seçki dairəsi üzrə bütün namizədlərini maliyyələşdirsin. Hər namizəd öz imkanları çərçivəsində seçki kampaniyasına qoşulur. Digər tərəfdən, müxalif yönümlü namizədlərin maliyyə tapmaq imkanları indiki şəraitdə çox məhduddur".
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, adətən belə müzakirələr namizədlərin siyahısı tam dəqiqləşdikdən və qərar qəbul olunduqdan sonra aparılır: "Təbliğatın aparılmasının ümumi qaydaları var. Fərdi təbliğatın aparılması, adətən namizədlərin öz üzərinə düşür. Ancaq partiyanın ümumi şəkildə təbliğatının aparılması və namizədlərin partiya müstəvisində təşviqatının aparılması da siyasi qurumun üzərinə düşür. Fikrimcə, maliyyə vəsaitlərilə bağlı son qərar partiya siyahısının MSK-da təsdiq olunmasından sonra bəlli olacaq. Çünki bəlli sayda namizəd qeydiyyata alınmalıdır ki, ondan sonra təbliğat üçün lazım olan vəsaitin həcmi müəyyənləşsin. Bir məqam da var ki, bütün təbliğat pullu olmur axı. Partiya pulsuz təbliğat üçün efir əldə edirsə, o zaman maliyyəyə ehtiyac az olacaq. Başqa bir tərəfdən, namizəd seçicilərilə fərdi görüşlər keçirirsə, o zaman ümumiyyətlə maliyyə vəsaitinə ehtiyac olmur".