.jpg)
"Azadlıq" Bloku Demokratiya Uğrunda İttifaqın (DUİ) parlament seçkiləri ərəfəsində birgə müzakirələr aparmaqla bağlı müraciətinə mənfi cavab verib. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, Azadlıq blokunun dünən keçirilən toplantısında DUİ-nin müraciəti müzakirəyə çıxarılıb: "Tədbirdə Azadlıq blokunun seçki taktikası barədə də müzakirə aparılıb. Biz üçlük - Müsavat Partiyası, "Azadlıq" bloku və DUİ formatında müzakirələrin aparılmasını mövcud psixoloji vəziyyət şəraitində məqsədəuyğun hesab etmədik".
Ə.Əliyev onu da bildirib ki, toplantıda blokun parlament seçkilərində iştirakı ilə bağlı müzakirələr aparılıb və bu məsələ ilə bağlı partiyaların daxilində diskussiyaların aparılması nəzərdə tutulub: "Azadlıq" blokunun əməkdaşlıq edəcəyi partiyaların müəyyənləşdirilməsi barədə də müzakirələr davam etdirilib. Amma bu barədə də konkret bir qərar qəbul edilmədi və müzakirələr növbəti toplantıda davam etdiriləcək".
Blok təmsilçisinin sözlərinə görə, parlament seçkilərilə bağlı "Azadlıq" blokunun seçki bloku yaratması nəzərdə tutulur və bura digər partiyaların, həmçinin ictimai birliklərin də daxil olması mümkündür.
"Mən mövcud siyasi şəraitdə psixoloji durum nədir, onu bilmirəm. "Azadlıq" blokunun qəbul etdiyi qərarda, yəqin ki, başqa məqsədlər var. Onlar psixoloji seçimlə məşğuldursa, o zaman bu məsələ mənlik deyil". Bunu isə APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu "Azadlıq" blokunun Demokratiya Uğrunda İttifaqın (DUİ) əməkdaşlıq təklifinə mənfi cavabını dəyərləndirərkən deyib. M.Mirəlioğlu bildirib ki, ittifaqın təklifini blok rəhbərliyinə təqdim edərkən onlar bunu normal qarşılayıb: "Amma bu gün başqa bir bəhanə gətirirlər. Biz onlara rəsmi müraciət etmişik və hazırda rəsmi cavab gözləyirik. Biz bu məsələlərlə bağlı açıqlamalara, müsahibələrə fikir versəydik, yanvarın 22-dən bəri gözləməzdik. Hesab edirəm ki, münasibətimizi bildirmək üçün rəsmi cavablarını da almalıyıq". M.Mirəlioğlu bundan sonra "Azadlıq" bloku ilə DUİ arasında əməkdaşlığın mümkün olub-olmaması barədə suala cavabında hər şeyin mümkün olduğunu deyib: "Amma adam əməkdaşlıq edənlərlə əməkdaşlıq edər. Əməkdaşlıq etməyənlərlə nə edə bilərik?! Bu gün "Azadlıq" bloku ilə əməkdaşlıq imkanları görünmür. Adamlar istəmirsə və məqsədəuyğun saymırsa, deməli, bu məsələ artıq birtərəfli şəkildə qapandı".