Ələkbər Məmmədov: "SU" və "MiQ" tipli təyyarələrdən dünya ölkələri çoxdan imtina edib"
.jpg)
Martın 3-də Tovuz rayonunda Müdafiə Nazirliyinə məxsus daha bir döyüş təyyarəsi qəzaya uğradı və Azərbaycan pilotlarından daha biri həlak oldu. Məsələ ilə bağlı "OLAYLAR"a münasibət bildirən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbayan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov döyüş təyyarəsinin istismara yararsız olduğunu iddia edir.
Hərbi ekspertin fikrincə, həmin təyyarələrin artıq vaxtı keçib: "Bir müddət əvvəl MiQ - 29 təyyarəsi də təlim zamanı dənizə düşdü və iki pilot itirdik. Bu təyyarələrin istismara yararsız olması ilə bağlı bizdə məlumatlar var. "SU" və "MiQ" təyyarələri təmirdən çıxan köhnə təyyarələrdir. Bu təyyarələr Azərbaycana xarici ölkələrdən gətirilir və təzə deyil. Çox güman ki, həmin təyyarələr döyüşə yararlı olmadığı üçün onları həmin ölkələr satır və NATO standartlarına uyğun təyyarələrlə əvəzləyir. Azərbaycan isə həmin təyyarələri alıb döyüşə hazırlıq görür. Rusiya istehsalı olan bu təyyarələr, demək olar ki, dünya hərbisində qəbul olunmur. Bunu bütün dünya etiraf edir, baxmayaraq ki, Rusiya öz istehsalını dünya ordusuna möhkəm və dözümlü avadanlıqlar kimi sırımaq istəyir, amma əslində bu belə deyil. Azərbaycan da Gürcüstan, Çexiya kimi ölkələrdən həmin rusun istehsal etdiyi təyyarələri alıb döyüşə yararlı olduğunu iddia edir. Nəticədə artıq Rusiya istehsalı olan bu təyyarələrlə bağlı bir neçə dəfə Azərbaycanın hərbi tarixində təlim zamanı nasazlıq yaranıb və faciə ilə nəticələnib. Bu tipli təyyarələrdən istənilən vaxt bədbəxt hadisələri gözləmək olar. Baxmayaraq Müdafiə Nazirliyi bunu malalamağa çalışır ki, guya təyyarələr yüksək döyüş keyfiyyətinə malikdir, müasir tələblərə cavab verəndir və sair. İş orasındadır ki, Rusiya tərəfi bu təyyarələrin onlardan alınmadığını, Ukrayna isə həmin təyyarələrin təmirdən sonra Azərbaycana satıldığını deyib". Bəzi qurumların həmin təyyarələrin Gürcüstanda istehsal olunaraq Azərbaycana satılması məsələsinə münasibət bildirən Ələkbər Məmmədov qeyd etdi ki, bu məsələdə də qaranlıq məqam var. Ələkbər Məmmədov "Su" təyyarələrini Gürcüstanın və ya Çexiyanın istehsal etməsinə də münasibətini belə bildirib: "Deyirlər ki, bu təyyarələr Rusiyadan alınmayıb, Gürcüstanda istehsal olunan yeni və yüksək səviyyəli təyyarədir. Gürcüstan, ya da Çexiyanın istehsalı olmasına baxmayaraq, model Rusiyanındır. Bunu bütün dünya bilir ki, Rusiyanın hərbi texnikası döyüşə yararlı deyil. Gürcüstan istehsal edə bilirsə, yeni model istehsal etsin və NATO standartlarına uyğunlaşdırsın. Niyə Gürcüstan "Su" tipli rus modeli olan təyyarə istehsal edir? Deməli, bu həmin modeldir ki, müasir standartlara cavab vermir. "SU" təyyarələri sovet modelidir və sovet modeli də döyüşə yaramır". Ələkbər Məmmədov bəzi şəxslərin bu hadisələri təbii qarşılamasına da qarşı çıxır. Onun sözlərinə görə, belə hadisələri dünya ordusundakı hadisələrlə müqayisə etmək olmaz: "Dünyanın başqa ölkələrində çox gec-gec baş verir. Amma Azərbaycanda iki ildən bir belə biabırçı bədbəxt hadisə baş verib. Bütün ölkələrdə bu cür hadisələrə qarşı tədbirlər görülsə də, Səfər Əbiyev bu barədə heç bir tədbir görmür və əhəmiyyət vermir. Nəticədə bu cür bədbəxt hadisələr təkrarlanır. Bu hadisələr o ölkələrdə tez-tez təkrarlanır ki, onun ordusunda rüşvət, korrupsiya həddindən artıqdır. Bu hadisələr yalnız "MiQ" və "SU" təyyarələri alan ölkələrdə baş verir. O ölkələr də artıq dərk edir və müəyyən edib ki, Rusiyanın hərbi texnikası heç bir standarta uyğun gəlmir. Ona görə də həmin ölkələr Rusiyadan aldıqları bu təyyarələri geri qaytarırlar və ya almaqdan imtina edirlər. Digər tərəfdən, Azərbaycan bir pilotun hazırlanması üçün külli miqdarda vaəsait xərcləyir və artıq martın 3-də "SU" təyyarəsində həlak olan pilot hazır idi. Biz həmin pilotu səhlənkarlıqdan itirdik və çəkdiyimiz xərc də boşa çıxdı. Azərbaycan ordusu keyfiyyətsiz texnika almaqdan əl çəkməlidir. Buna dövlət səviyyəsində reaksiya verməyin vaxtı çatıb". Təyyarənin qəzaya uğramazdan qabaq havada partlamasının təxribat olması faktına da münasibət bildirən hərbi ekspert bu prosesdə təxribat versiyasını rədd edir: "Bu baş verə bilər. Yəni təyyarənin havada partlaması mümkündür. Amma bu hansısa bir təxribat ola bilməz. Çünki təyyarədə nasazlıq yarananda onun havada partlaması mümkündür. İkinci tərəfdən isə, buna səbəb təyyarənin havaya qalxmazdan əvvəl texniki baxışdan keçirilməməsidir. Faktla bağlı, eşitmişəm ki, guya cinayət işi başlanıb. Bununla Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu baş aldadır. Bu vaxta qədər qaldırılan cinayət işlərində nə ediblər ki, indi nə etsinlər? Bu cinayət işləri hamısı boş şeydir".