Dəhşətli borca düşən Yunanıstan Aralıq dənizindəki adalarını satışa çıxara bilər
Almaniya Bundestaqının hakim partiyadan olan deputatı Yunanıstana büdcə defisitini bağlamaq üçün maraqlı təklif verib.
"APA-Economics"in məlumatına görə, Xristian-Demokrat İttifaqından olan deputat Marko Vandervits Yunanıstana öz adalarının bir qismini Avropa İttifaqının krediti əvəzində girov kimi təqdim etməyi təklif edib.
Bundestaqın Azad Demokratlardan olan deputatı Frank Şeffler isə deyib ki, yunanlar məskunlaşmayan adalarını və şirkətlərdəki paylarını sata bilərlər.
Qeyd edək ki, 2009-cu ildə Avropa İttifaqı ölkələri arasında ən böyük büdcə kəsiri Yunanıstanda qeydə alınıb - 12,7%. Yunanıstanın dövlət borcu Ümumi Daxili Məhsulun 100%-ni üstələyib. Nəticədə avronun məzənnəsi getdikcə aşağı düşür. Rəsmi Afinanın yardım göstərilməsilə bağlı xahiş və tələbləri isə Avropa İttifaqı tərəfindən yerinə yetirilmir.