.jpg)
Rusiyadan Azərbaycana müxtəlif ərzaq və sənaye məhsulları gətirən yük avtomaşınlarının Rusiya-Azərbaycan sərhədinin Dağıstan ərazisində, Məhərrəmkənd rayonunun Yaraq-Qazmalar keçid məntəqəsində böyük növbəsi yaranıb.
Bu barədə avtomaşınları sərhədin Rusiya tərəfində qalan sürücülər məlumat verib. Onların sözlərinə görə, Azərbaycana müxtəlif çeşidli məhsullar gətirirlər və artıq beşinci gündür ki, sərhəddə növbə gözləyirlər. Vətəndaşlar ərzaq malları apardıqlarını və neçə gündür gözlədiklərini bildiriblər: "Gözləyirik, Dağıstanda dayanmışıq. Azərbaycan tərəfinin buraxmadığını deyirlər, dəqiq məlumat bilən yoxdur".
Sürücülərin bildirdiyinə görə, Dağıstan tərəfində Azərbaycana keçmək üçün 300-ədək yük maşını növbə gözləyir. Sürücülər arasında Azərbaycana müxtəlif məhsullar gətirən Rusiya və Ukrayna vətəndaşları da var.
Azərbaycanın Samur gömrük-keçid məntəqəsindən isə bildirilib ki, Dağıstan tərəfdə növbədə, iddia edildiyi kimi, 300 deyil, cəmi 53 yük maşını dayanıb və onların Azərbaycan tərəfinə keçməsində heç bir problem yoxdur. Sadəcə, Novruz bayramı ilə əlaqədar ölkəyə gətirilən məhsulların sayı artıb və onların hamısının prosedura uyğun olaraq tez bir müddətdə buraxılması texniki cəhətdən mümkün deyil.
Gün ərzində isə normalar çərçivəsində Rusiyadan Azərbaycana 50-60 yük maşını buraxılır. Bununla belə, qarşıdakı 2 gün ərzində növbələrin minimum həddə çatdırılması üçün tədbirlərin görüləcəyi barədə Samur gömrük-keçid məntəqəsindən vəd verilib.