.jpg)
"Dövlətin hər hektara 40 manat kompensasiya olaraq verdiyi yanacaq pulunu biz hələ də ala bilməmişik. Artıq 2010-cu ildir, fermerlər 2009-cu il üçün ayrılan subsidiyaları almayıb. Bütün fermerlər əkin-biçinə görə servisə hələ də borclu qalıb". Bunu "Azadlıq" radiosuna Göygöl rayonundan fermer Aydın Cəfərov deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən fermerlərə ayrılan vəsaiti hələ də ala bilməyiblər.
2009-cu il üçün 465 hektar ərazidə taxıl əkən Aydın Cəfərov kimi bir çox fermerlər təsərrüfatı ziyanla başa vurduğuna görə bu il taxıl əkməyib: "Fermerlər ötən il taxıl və üzüm təsərrüfatlarını ziyanla başa vurub. Taxılın əkilməsi, becərilməsi, suvarılması, biçilməsi üçün xərclər ilbəil artırılır. Taxılın qiyməti isə aşağı düşdü. Taxılçılar da gəlir əldə edə bilməyib, təsərrüfatını ziyanla başa vurdu.
Ötən il hər yerdə taxıl ucuz oldu. 13-14 qəpiyə taxıl olar? İqtisadçı bizim çəkdiyimiz xərci də hesablasın, gəliri də. Ona görə də ziyanımız çox oldu. Buna görə də mən 2010-cu il üçün taxıl əkməmişəm".
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəisi Murtuzəli Hacıyev deyir ki, fermerlərə ayrılan yardımlar 2009-cu ilin sonuna qədər Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir: "Bizim Nazirliyin funksiyası ondan ibarətdir ki, respublika komissiyası fermerlərə yardımların, subsidiyaların verilməsilə bağlı qərar verib Maliyyə Nazirliyinə göndərsin. Yardımların ödənilməməyi artıq Kənd Təsərrüfatı Nazirliyinin işi deyil".
Maliyyə Nazirliyindən isə bildirdilər ki, subsidiyaların ödənilməsi istiqamətində iş gedir. Gecikməyə Nazirlər Kabinetində bölgələr üzrə vəsaitlərin bölüşdürülməməsi səbəb olub.
Ötən illə müqayisədə 2010-cu il üçün əkilən taxıl sahələri 20 faiz azalıb. Murtuzəli Hacıyevin verdiyi məlumata görə, 2009-cu il üçün 807 min hektar ərazidə taxıl əkilmişdisə, 2010-cu ildə bu göstərici 148 min hektar azalaraq, 659 min hektar təşkil edib. Murtuzəli Hacıyevin taxıl əkini sahələrinin azalmasına isə münasibəti bu cür oldu: "Düzdür, taxıl əkini azalıb, amma tərəvəz, bostan məhsulları və s. sahələrdə artıb. Bazar iqtisadiyyatıdır, istehsalçı bazarın tələbinə uyğun olaraq öz biznesini qurur, əkini əkir. Ötən il taxılın qiyməti ucuz oldu. Ona görə də taxıl əkinində belə azalmalar müşahidə olunur".