.jpg)
Ağsu rayonunun Sanqalan kəndində baş verən torpaq sürüşməsilə bağlı 207 nəfərdən ibarət 41 ailə köçürülüb.
Sanqalan və Nüydü kəndlərinin bələdiyyə sədri Fəxrəddin Osmanov APA-nın yerli bürosuna bildirib ki, Ağsu çayının sahilində yerləşən Sanqalan kəndində baş verən torpaq sürüşməsi nəticəsində orada olan 41 fərdi yaşayış evi, bir orta məktəb və bir feldşer-mama məntəqəsi qəzalı vəziyyətə düşüb. Bu kənddə uzunluğu 450 metr, eni 260 metr olan ərazini əhatə edən sürüşmə zonasına düşən bu tikililərdə yaşamaq təhlükəlidir. Torpaq qatı hər 2-3 metrdən bir 30-40 santimetr aralanıb, evlərdə 5-10 santimetr qalınlığında çatlar əmələ gəlib. Kəndin yerləşdiyi torpaq qatı hər gün təxminən yarım metr dağdan çaya doğru sürüşür. Sürüşmə hazırda da davam edir".
Onun sözlərinə görə, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həmin əraziyə baxış keçirərkən Sanqalan və Kalva kəndlərinin həqiqətən də təhlükəli zonada yerləşdiyi qeyd olunub, əhalinin müvəqqəti olaraq köçürülməsi tövsiyə edilib. Təhlükəli vəziyyət barədə əhaliyə xəbərdarlıq olunub. İki gün öncə isə Nazirlər Kabineti Ağsunun Sanqalan kəndində yaşayan əhalinin təcili olaraq başqa əraziyə köçürülməsi barədə qərar qəbul edib: "Baş nazirin müavini Abid Şərifovun məktubu əsasında əhalinin köçürülməsinə start verilib. Martın 3-də bu yaşayış məntəqəsinin bütün sakinləri başqa yerlərdə yaşayan qohumlarının evinə köçürülərək müvəqqəti məskunlaşdırılıb. Kənddə torpaq sürüşməsi başlanan zaman 41 ailədən 14-ü öz istəyilə müvəqqəti olaraq başqa yerə köçmüşdü. Martın 3-də isə dövlət vəsaiti hesabına 27 ailə qonşu Qırrar və Quzay kəndlərində, eləcə də Bakı, Sumqayıt, Ağsu, İsmayıllı və Şamaxı şəhərlərində yaşayan qohumlarının evinə köçürülüb". Sanqalanda sürüşmə zonası kəndin 7 hektarlıq yaşayış zonasını əhatə etdiyi üçün bütün ailələrin köçürülməsi və başqa ərazidə torpaq sahəsi ayrılaraq yeni evlərin tikilməsi daha məqsədəuyğun hesab edilib. Kənd bələdiyyəsi yeni evlərin tikilməsi üçün 10 hektar boş torpaq sahəsi ayırıb. Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həmin əraziyə baxış keçirəcək və onların yekun qərarından sonra evlərin tikilməsinə başlanacaq. Bələdiyyə sədri Fəxrəddin Osmanov bildirib ki, torpaq sürüşməsi rayonun Suraxanı kəndində 2 evi, Qırrar və Quzay kəndlərinin hər birində isə bir evi qəza vəziyyətinə salıb.
Xatırladaq ki, qeyd edilən ərazi bir qədər əvvəl sürüşmə baş verən Muğanlı-İsmayıllı avtomobil yolunun yaxınlığında yerləşir.