Orduda psixoloqlar işləsə, mövcud fəsadlar yarıbayarı azalacaq
Misir Mərdanovun ordu psixoloqları yetişdiriləcəyilə bağlı fikirləri psixoloqların diqqətini çəkdi
Elnur Rüstəmov: "Bir müddət hərbi
psixologiya ilə məşğul olmağa başladım"
Azərbaycan ordusunda müəyyən neqativlərin baş verdiyi, əsgərlər arasında intihar, yaxud buna cəhd göstərilməsi hallarının olduğu bəllidir. Mətbuatın yazdığına görə, martın 3-də təhsil naziri Misir Mərdanov Azərbaycan Daxili Qoşunlarının Bakı Qarnizonundakı hərbi hissələrdən birində qonaq olub.
M.Mərdanov deyib ki, Azərbaycanın mülki ali təhsil müəssisələrində ordu üçün psixoloqlar hazırlana bilər. Nazirin sözlərinə görə, ali məktəblər hazırda psixoloq ixtisası üzrə kadrlar hazırlayır: "Bu gün Daxili Qoşunların komandanı ilə görüşdə də belə bir qənaətə gəldik ki, hərbi qurumlar üçün psixoloqların hazırlanması yaxşı olar. Görüşdə vurğulandı ki, müxtəlif hərbi hissələrdə psixoloq, sosioloq xidmətinə ehtiyac var. Gələcəkdə ali məktəblərdə hüquq-mühafizə orqanları, hərbi qurumlar üçün psixoloqların hazırlanması mümkündür".
Qeyd edək ki, M.Mərdanova qədər də psixoloqların əksəriyyəti orduda psixoloq xidmətinin olmasını vacib sayır, dünya ölkələrinin bu itiqamətdəki təcrübəsindən yararlanmağı tövsiyə edirdi.
Məlumat üçün bildirək ki, Amerikadan tutmuş, Avropa ölkələrinə, Rusiyaya qədər ölkələrin çoxunda ordu psixoloqu fəaliyyət göstərir. Şübhəsiz ki, hərbçilərlə işləməli olan psixoloqlar adi psixoloqlar deyil, bu sahədə ixtisaslaşmış, müəyyən təcrübə qazanmış insanlar olmalıdır. Azərbaycanda yüksək səviyyəli psixoloqlar olsa da, onların sırasında bir-iki psixoloq tapmaq olar ki, ordu ilə işləməyi bacarsın. Bunu psixoloqlar özləri də etiraf edir. Orduda psixoloqların fəaliyyət göstərməsinin sahə yaranan problemlərin həllində böyük rol oynayacağını deyən psixoloqlar hesab edir ki, ən böyük problem əsgərlərin hərbi hissəyə, oradakı şəraitə adaptasiya olunması məsələsi və "dedovşina" probleminin hələ də mövcudluğudur.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bir müddət əvvəl həm Müdafiə Nazirliyi, həm də Sərhəd Qoşunları dünyanın bir sıra ölkələrində mövcud olan ordu psixoloqu təcrübəsini Azərbaycana gətirməyə cəhd edib: "O vaxt Daxili Qoşunların bu işdə maraqlı olması barədə məlumatlar da vardı".
E.Rüstəmovun bildirdiyinə görə, indiki şəraitdə orduda əsgərlərin üzləşdiyi problemlər çözülmür":Düzdür, Misir Mərdanovun təklifi bir qədər gecikib. Amma buna baxmayaraq, bu işə indidən başlansa yaxşı olar. Bu gün Amerikada belə bir təcrübə var. Orada əsgərliyə gedən adamlara 1, 2 və 3-cü dərəcəli sertifikatlar verilir. 1-ci dərəcəli sertifikat alan əsgər ordudan döndükdən sonra dövlət orqanlarında daha rahatlıqla çalışa bilər".
E.Rüstəmov dedi ki, Amerikada belə bir təcrübə var - onlar eyni bölgədən olan əsgərləri bir yerə salırlar":Orduda ən çətin proses adaptasiya prosesidir. Əsgər nə zaman intihar edir, nə zaman xidmətdən yayınmağa çalışır? Gəlin, statistikaya fikir verək. Əsgərliyə təzə gedəndə. Mən öz təcrübəmi misal çəkmək istəyirəm. Əsgərliyə gedəndə bizim zastavada bir əsgər bədənini 22 yerdən "lezva" ilə kəsmişdi. Çünki iş bölgüsü zamanı ona ayaqyolu təmizləmək düşmüşdü".
E.Rüstəmovun fikrincə, orduda psixoloqlar işləsə, mövcud problemlər yarıbayarı azalacaq":Orduda ombudsman postu yaradılmalıdır ki, orduya nəzarət eləyə bilsin. Yoxsa psixoloqun təyin edilməsilə məsələnin həllinə tam şəkildə nail olmaq olmaz. Psixoloq kim olacaq - zabit, yoxsa mülki şəxs? Psixoloqlar zabitlərdən təyin ediləcəksə, yenə də əsgərlər arasında inamsızlıq qalacaq, əksinə, mülki şəxslərdən ibarət olacaqsa, artıq əsgərlər onlara etibar edəcək, problemini deyə biləcək. Problemin aradan qaldırılması üçün orduya vətəndaş cəmiyyətinin nəzarəti də olmalıdır, bu sahədə psixoloqlar da iş görməlidir. Bu çətin bir iş deyil. Burada hansısa testlər də aparıla bilər". E.Rüstəmovun dediyinə görə, mülki psixoloqlar orduda həftədə bir dəfə psixoloji oyun, yaxud test keçirərsə, söhbətlər apararsa, bunun da effekti olacaq. E.Rüstəmov bildirir ki, bu sahədə ən ciddi problemlərdən biri reabilitasiya ilə bağlıdır":Elə insanlar var ki, ordudan dönəndən sonra onlarda müxtəlif problemlər yaranır. Hətta onların sırasında psixi xəstələr də var. Onlar üçün xüsusi reabilitasiya həyata keçirilməlidir. Valideyn övladı əsgəri xidmətdən döndükdən sonra onda müəyyən dəyişiklik hiss edirsə, reabilitasiya yerlərinə müraciət etməlidir. Bu yaxınlarda əsgərlikdən gələn bir oğlanın valideynləri bizə müraciət etmişdi. Biz onunla işlədik".
Sözsüz ki, hələ ixtisaslaşdırılmış psixoloqlar ali məktəblərdə yetişdirilmir, onların hazırlığına indən sonra başlanacaq. Mərkəz rəhbərindən hazırda orduda işləyə biləcək psixoloqların sayının yetərincə olub-olmadığını da soruşduq. E.Rüstəmovun dediyinə görə, bu sahə ilə məşğul olacaq peşəkar psixoloqlar ölkəmizdə yoxdur, amma onları yetişdirmək iqtidarında olan professionallar var: "Bu sahənin peşəkarlarından biri Azad İsazadədir. O özü hərbi psixoloqdur. Bu sahədə dərs də verir. Ancaq o, bu sahə üzrə sırf dövlət strukturunda çalışmır. Görünür, onu nələrsə qane etməyib ki, bu sistemdən çıxıb. Amma peşəkardır. Onun təcrübəsindən faydalanmaq lazımdır. Bizdə bu sahə üzrə psixoloqlar olmasa da, onları hazırlamaq gücündə olan mütəxəssislər var. Mən bir müddət hərbi psixologiya ilə məşğul olmağa başladım. Güc strukturlarından biri mənə müraciət edərək "bizə psixoloq lazımdır" demişdi. Mən razılıq da vermişdim, amma sonra gördüm ki, onlar artıq bu məsələdə maraqlı deyil. Bu halda mən də geri çəkildim. "Dedovşina"nı hansı yolla aradan qaldırmaq, adaptasiya prosesini necə yaxşılaşdırmaq, əsgəri hərbi xidmətə necə cəlb eləmək istiqamətində konkret təkliflərim vardı. Bu gün ən gözəl psixoloji iş Amerika ordusunda aparılır. O təcrübədən yararlanmaq olar. Savaşın, döyüşün özünün psixologiyası var. Eləcə də ordunun. Əsgərlərlə işləyən psixoloq mütləq peşəkar olmalıdır. Lazım gələrsə, lap xaricdən də mütəxəssislər dəvət eləmək mümkündür. Bu məsələ çox aktualdır. Onu qabartmaq, həllinə nail olmaq lazımdır".
İradə SARIYEVA