İspanların oyunu Anrini şoka salıb
O, Avropa çempionunun Yer kürəsini təmsil etməsinə də şübhələnib
Fransa milli komandasının kapitanı Tyeri Anri İspaniya ilə yoldaşlıq görüşündə uduzmalarının səbəbini izah edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu son Avropa çempionunun Yer kürəsini təmsil etməsinə də şübhə edir.
İspaniyalıların Fransadakı 2:0 hesablı qələbəsindən sonra Anri rəqibin nə dərəcədə güclü olduğunu vurğulayıb: "İspaniya yığması başqa planetdən gələn komandadır. "Barselona"da oynadığım vaxt top dalınca qaçmağa öyrəşməmişəm. Lakin millinin heyətində ispanlar məni buna məcbur etdilər. Məncə, İspaniya yığması Braziliya ilə yanaşı dünya çempionatının favoritləridir". Qeyd edək ki, İspaniya yığması Berti Foqtsun baş məşqçiliyi dövründə millimizin ən acınacaqlı məğlubiyyətinin səbəbkarlarıdır. Anrinin sözlərindən belə çıxır ki, futbol tariximizdə Bakıda qeydə alınan ən ağır yenilgi yadplanetlilərin sayəsində gerçəkləşib. 2009-cu il iyunun 9-da komandamızı Tofiq Bəhramov adına Respublika stadionundakı yoldaşlıq oyununda 6:0 hesabı ilə udan pireneylilər həm Foqtsu məyus etmiş, həm də şou göstərmişdi.