.jpg)
Martın 5-də AFFA-nın növbəti Konfransı keçiriləcək. Fanat.az xəbər verir ki, tədbirdə Azərbaycan futbolu üçün önəmli olan bir sıra məsələlər müzakirəyə çıxarıla bilər.
Konkret olaraq, Premyer Liqanın formatının dəyişdirilməsi və legionerlərə limit tətbiq olunması gözlənilir. Düzdür, bu məsələlər konfransın gündəliyinə daxil edilməyib. Amma gündəliyə daxil edilən "digər məsələlər"in müzakirəsi zamanı həmin iki məsələ ilə bağlı da qərarın verilməsi istisna deyil. Premyer Liqanın yeni formatının necə olacağına gəlincə, hazırda bir neçə variantın olduğu deyilir. Güclülər dəstəsində iştirak edən klubların sayının artırılması mümkündür ki, bu halda da Premyer Liqa oyunları 14 və ya 16 klubun iştirakı ilə keçirilə bilər. Yaxud da, komandaların sayının 10-a endirilməsi və çempionatın 4 dövrəli sistemlə keçirilməsi də istisna deyil. Bu halda klublar mövsüm ərzində təkcə Premyer Liqada 38 oyun keçirəcək. Legionerlərə limitin qoyulmasına gəlincə isə AFFA-nın birdən-birə inqilab etmək niyyətində olmadığı deyilir. Məlumatlara görə, ilkin mərhələdə ən azı 3 yerli futbolçunun start heyətinə daxil edilməsi ilə bağlı klubların qarşısına şərtin qoyulması nəzərdə tutula bilər. Yəni legioner limitinin 3+8 formatında tətbiqi gözlənilir. Bu halda, həmçinin 18-liyə ən azı 6 yerli futbolçunun adının daxil edilməsi də məcburi olacaq.