Nəsimi rayonundakı alkoqol və tütün mağazalarında yoxlama aparılacaq
Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının satışına nəzarət məqsədilə gələn həftə Bakı şəhərinin Nəsimi rayonunda monitorinq keçiriləcək.
Bu barədə "APA-Economics"ə Monitorinq Qrupunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyi çoxillik əkmələr, bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Elbrus Xəlilov məlumat verib. E.Xəlilovun sözlərinə görə, ticarət obyektlərinin alkoqollu içkilərin satışı ilə bağlı qanunvericiliyə riayət edib-etməmdiyi yoxlanacaq. Aşkar edilmiş nöqsanlarla bağlı müvafiq qurumlara və Vergilər Nazirliyinə məlumat veriləcək. Monitorinq Qrupunun rəhbəri ötən ay paytaxtın Yasamal və Səbail rayonlarında 50-yə yaxın mağazada monitorinq keçirildiyini qeyd edib. Mağazalarda aşkarlanmış problemlər, əsasən satılan məhsulların gigiyenik sertifikatı və hesab-fakturalarının olmaması ilə bağlı olub.
E.Xəlilov bildirib ki, əvvəlki illərlə müqayisədə nöqsanların sayında azalma müşahidə olunur. Artıq mağazalar sertifikatı və digər sənədləri olmayan məhsulları satış üçün qəbul etmir. Monitorinqlərin, plana uyğun olaraq, respublikanın digər rayonlarında da keçirilməsi planlaşdırılır.