GEM "şirniyyat yürüşlərinə" başladı
22 dönərxana isə bağlandı
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi şirniyyat, qənnadı məmulatları, çay, kofe, mayonez məhsulları üzərində monitorinqlərə başlayıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.
O bildirib ki, martın əvvəlində başlayan monitorinqlər ayın 20-də başa çatacaq və Bakı, Sumqayıt şəhərlərini, Abşeron rayonunu əhatə edəcək.
Monitorinqlərin keçirilməsində əsas məqsəd istehsal olunmuş məhsulların təhlükəsizlik göstəricilərinə cavab verib-vermədiyini və yerli gigiyena-epidemiologiya mərkəzlərinin öz işinə nə dərəcədə məsuliyyətlə yanaşdığını aydınlaşdırmaqdır. Monitorinq başa çatdıqdan sonra mərkəz spirtli içkilərin və xörək duzunun, quş əti, yumurta və hisə verilmiş balıqların bakterioloji yoxlanmasını həyata keçirəcək və müxtəlif uşaq qidaları üzərində laborator yoxlamalara başlayacaq.
İ.Abdullayevin sözlərinə görə, mərkəzin son iki ayda 100 cür ət məhsulu üzərində apardığı yoxlamalar zamanı 9 nümunədə bağırsaq çöplərinin olduğu aydınlaşıb. Monitorinqi aparılan 120 süd məhsulundan isə 29-da bağırsaq çöpləri aşkarlanıb.
Bu ilin iki ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakıda 22-dən çox dönərxananın fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, dönərxanalarda yoxlamalar İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə bir yerdə aparılıb. Xətai rayonu üzrə 4, Nizami rayonu üzrə 2, Nərimanov rayonu üzrə 3 iş araşdırılmaq üçün prokurorluğa göndərilib.
Araşdırma aparılan 20-dən çox dönərxananın sahibi 2006-cı ildən qadağan olunmuş toyuq dönəri satdığına və dönərlə bağlı sanitar-gigiyenik qaydalara əməl etmədiyinə görə cərimə olunub. Dönərxana sahiblərinin hər biri 100-200 manat cərimələnib.
Xəbər xidməti