"Nissan Motors"da aşkarlanan nasazlığa Azərbaycandakı satış mərkəzlərindən reaksiya verildi
Rəşad Vəliyev: "Bizdə nasazlığın aşkar edildiyi "Nissan Motors"un modellərindən, demək olar ki, heç biri yoxdur"
.jpg)
Qlobal maliyyə böhranı başlanan andan bu günə kimi dünyanın aparıcı avtomobil şirkətlərinin qara günləri səngimək bilmir. Bir müddət əvvəl "Ceneral Motors", "Fiat", "Toyota", Mitsubişi" kimi avtomobil nəhəngləri alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən istehsalı kəskin azaltmalı oldu. İndi də bəzi avtomobil istehsalçılarını satışa buraxılan modellərdə üzə çıxan nasazlıqlar narahat etməyə başlayıb.
Mətbuatın son məlumatına görə, Yaponiyanın "Nissan Motors" şirkəti dünya bazarından 540 min ədəd avtomobil modelini geri çağırmalı olub. Verilən bilgiyə görə, şirkət 2008-2010-cu illərdə istehsal olunan "Nissan Titan",
"Nissan Armada", "Infiniti QX56", 2008-2009-cu il istehsalı olan "Nissan Quest", həmçinin 2005-2008-ci illərin
"Nissan Pathfinder", "Nissan Xterra" modellərini
geri çağırır. Bunun əsas səbəbi sözügedən modellərdə avtomobili hərəkətə gətirən pedallarda nöqsanların üzə çıxmasıdır. "Nissan Motors" şirkəti adıçəkilən avtomobil modellərini martın 22-dən etibarən geri çağırmağa başlayacaq. İndiyədək sözügedən modellərdə üzə çıxan nöqsan ucbatından hələ heç bir qəza vəziyyətinin yaranmamasına baxmayaraq, şirkət bu modellərin sahiblərinə diler mərkəzlərinə müraciət etməyi tövsiyə edib. Qeyd edək ki, "Nissan Motors"da nasazlıqla bağlı yaranan hal heç də yeni deyil. Ümumiyyətlə, son bir ayda müxtəlif avtomobil şirkətlərində belə nasazlıqların üzə çıxdığının şahidi olmuşuq. Belə ki, sözügedən hadisədən bir müddət əvvəl Cənubi Koreyanın "Nyundai Motors" şirkəti yeni "Sonata 2011" modelinin satışını dayandırmalı oldu. Buna səbəb kimi, yeni modelin qapılarında qüsurun aşkarlanması göstərilir. Məhz bu səbəbdən keçən ayın sonlarında şirkət rəhbərliyi müvəqqəti olaraq "Sonata 2011" modelinin satışını dayandırdığını elan etdi. Artıq dilerlərə verilən 3,7 min ədəd bu model avtomobil də geri çağırılıb. Bu hadisə ilə birinci üzləşən şirkət isə Yaponiyanın "Toyota" şirkəti olmuşdu. Onlarda avtomobillərin qapılarının açılıb-bağlanma sistemində, ardınca da əyləcində qüsurlar aşkarlanmışdı. Həmin maşınlarda avtomobilin sürətini artırmaq üçün pedalı basıb buraxdıqdan sonra əyləc əvvəlki vəziyyətinə qayıtmırdı. Bu da sürətin azalmamasına və nəticədə də qəzalara gətirib çıxarırdı. Qeyd edək ki, sözügedən problem "Toyota Motors Corroration"ın iki modeli - "Corolla" və "RAV-4" ətrafında yaranmışdı. Problem məhsul satışa buraxıldıqdan sonra üzə çıxdığından, şirkət dərhal son buraxılış avtomobillərini geri çağırmağa məcbur olmuşdu. Nəticədə, həmin vaxt hardasa 2 milyona yaxın avtomobil satışdan yığışdırıldı. Şirkətin Azərbaycanda rəsmi təmsilçisi "Toyota Bakı Mərkəzi" də mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Nəticədə ölkəmizdə həmin modellərdən olan 527 ədəd avtomobil geri çağırıldı. İndi də həmin hal "Nissan Motors"un başına gəlir. Avtomobil şirkətlərinin istehsal etdiyi maşınlarda yaranan belə problemlər bir sıra şübhəli məqamlardan xəbər verir. Çox güman, burada hansısa təxribat xarakterli əməllərə yol verilib ki, birdən-birə üç nəhəng şirkət eyni aqibətlə üzləşməli olur. Hazırda dünya bazarında böhran səbəbindən avtomobillərə tələbat azalıb. Bu səbəbdən də satış bazarları uğrunda şirkətlər arasında mübarizə daha kəskin xarakter almağa başlayıb. Belə mərhələdə bir şirkətin digər rəqibini nüfuzdan salmaq üçün müxtəlif təxribat xarakterli hərəkətlərə yol verməsi ehtimalını istisna etmək olmaz. Başqa bir tərəfdən, əksər analitiklər artıq böhranın arxada qaldığını, bir müddət sonra daha aktiv canlanmanın baş verəcəyini proqnozlaşdırmağa başlayıb. Görünür, bu amil nasazlıqların üzə çıxdığı ehtimal edilən şirkət rəhbərlərini ucuz qiymət qoyduqları avtomobillərini geri çağırmağa vadar edir ki, sonradan onları daha baha qiymətlərə sata bilsinlər.
"Nissan Motors"un başına gələnlərin isə onun Bakıdakı satış mərkəzlərinə heç bir aidiyyəti yoxdur. Bunu qəzetimizə açıqlamasında şirkətin Bakıdakı satış mərkəzinin satış üzrə meneceri Rəşad Vəliyev bildirdi: "Bizdə nasazlıqların aşkar edildiyi "Nissan Motors"un modellərindən, demək olar ki, heç biri yoxdur. Bu səbəbdən də "Nissan Motors"da aşkar edilən nasazlığın Bakıdakı satış mərkəzinə heç bir dəxli yoxdur. Ümumiyyətlə, bu haqda eşitməmişik.
Bizdə dediyiniz modellər olmasa da, başqaları var və onların da satışı əvvəlki qaydada gedir. Alıcılar da şirkətin təklif etdiyi modellərdən razılığını bildirir. Bircə "Infiniti QX56" var ki, onu da yalnız şirkətimizin Tbilisi prospektində yerləşən mərkəzindən tapmaq olar". Lakin Tbilisi prospektindəki mərkəzin adını bildirməyən satış meneceri "Infiniti QX56"nın artıq qurtardığını dedi: "Bu modeldən əvvəllər olub, indi isə yoxdur. Onun geri çağırılması barədə isə eşitməmişik. Bununla bağlı avtomobil sahiblərindən indiyə kimi bir kimsə də bizə müraciət etməyib".