Ekologiya Nazirliyinin 5 saylı İdarəsi Siyəzəndə əməliyyat keçirdi
"001" Jiquli və "Moskviç"dən 30 balıq götürüldü
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reyd zamanı Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində 40 BG 086 dövlət nömrə nişanlı "VAZ 001" markalı avtomobilə baxış keçirilərkən 16 ədəd nərə, 1 ədəd nərəcinsli uzunburun, 50 BN 951 dövlət nömrə nişanlı "Moskviç" markalı maşında isə 11 ədəd nərə, 2 ədəd nərəcinsli uzunburun balıq aşkarlanıb.
Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib və qanunsuz ovlanmış 30 ədəd balıq götürülərək orqanoleptik müayinə üçün Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Müayinə olunmuş balıqların, uzun müddət yüksək temperaturda saxlandığı üçün, istifadəyə yararsız olduğu müəyyənləşdirilib. Təbiətə dəymiş 6300 manat ziyanın ödənilməsinin təmin olunması və təqsirkar şəxslər barəsində tədbir görülməsi üçün Siyəzən Rayon Polis Şöbəsinə müraciət edilib..