.jpg)
Qəzetimizin ötən sayında qeyd etdiyimiz kimi, "Srace" telekanalında "Sözün var?" meyxana yarışması keçiriləcək. Qeyd edək ki, Prezident Administrasiyanının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan efir məkanı:problemlər və vəzifələr" məqaləsindən sonra telekanalların hamısı meyxana layihələrini dayandırdı. Yəni onun haqlı iradı televiziya rəhbərlərini meyxana yarışlarını dayandırmağa vadar elədi.
Məlumdur ki, akademikin məlum tənqidi yazısına qədər yerli televiziyaların əksəriyyətində meyxana müsabiqələri keçirilir, meyxanaçılara geniş meydan verilirdi. İctimaiyyətdə böyük narazılıq yaradan bu fakta R.Mehdiyevin reaksiya verməsi telekanalları elə bil qəflət yuxusundan ayıltdı.
Bütün bunlardan sonra "Space" kanalının meyxana yarışı keçirməsi televiziyalar tərəfindən narazılıqla qarşılanıb.
Məsələ burasındadır ki, meyxana yarışmalarını daha yüksək səviyyədə həyata keçirən telekanallar olub. Məsələn, ATV-nin keçirdiyi meyxana (bədihə) yarışması həm səviyyəsinə, həm də peşəkar şəkildə hazırlanmasına görə diqqəti cəlb edirdi. Bəzi televiziya mütəxəssisləri də deyir ki, bu layihəni, "Space"dənsə, ATV həyata keçirsə idi daha yaxşı olardı. Çünki onların bu sahədə təcrübəsi daha böyükdür.
Məlumatımıza görə, mart ayı ərzində ATV-nin Bədii Şurasında Ramiz Mehdiyevin sözügedən məqaləsindən sonra yerli televiziyalarda baş verən dəyişikliklər, onların gördüyü işlər, yol verdiyi nöqsanlar müzakirə ediləcək.
Bütün televiziya kanallarının meyxana layihələrini həyata keçirməkdən imtina etdiyi bir vaxtda "Space"in bu addımı atması peşəkarlar tərəfindən normal qəbul edilmir.
Bəs o biri kanallar bundan imtina elədiyi halda, bu kanalın meyxana yarışı keçirməsinə Milli Televiziya və Radio Şurası (MTRŞ) necə baxır?
MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov "Bakı-Xəbər"ə bildirdi ki, onların bundan xəbəri var və bununla bağlı artıq "Space" kanalına tövsiyələr də veriblər":Bütün kanallarda meyxana yarışları dayandırılıb. Biz "Space" telekanalına da tövsiyyə elədik ki, meyxana yarışmasını efirə verməsinlər. Onlar da bizə dedilər ki, bu meyxana yarışması başqa formatdadır. Təbii ki, biz meyxananın telekanlları başına götürməsilə razı deyilik. Onlara "bu verilişi dayandırın" deməyə səlahiyyətimiz yoxdur. Televiziyalara yalnız tövsiyə verə bilərik. Qanunda ("Televiziya və Radio Haqqında" qanunu nəzərdə tutur) milli-mənəvi dəyərlərin qorunması ilə bağlı konkret maddə yoxdur ki, ondan tutub meyxana proqramını dayandıraq".