Məhkəmə bloggerlərin vəsatətini təmin etmədi
Bakı Apelyasiya Məhkəməsində bloggerlər Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən Adnan Hacızadının vəkili İsaxan Aşurovun məhkəmə tərkibinə etiraz bildirməsi barədə vəsatəti haqda məhkəmənin qərarı elan olunub. Müdafiə tərəfinin əvvəlki və indiki məhkəmə instansiyalarında işin ədalətsiz araşdırılmasına, məhkəmə tərkibinə etiraz bildirən vəsatəti təmin olunmayıb. Qərarda bildirilib ki, proses eyni tərkibdə davam etdiriləcək. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib. Məhkəmə bunu qəbul edib və prosesin martın 10-da davam etdirilməsini qərara alıb.