.jpg)
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisindəki qeyri-yaşayış sahələrində mənzil və obyektlərin tikintisinə şərait yaradır.
Bu barədə "OLAYLAR"a Binəqədi sakinləri məlumat verib. Məlumata görə, icra başçısı Alı Qocayev rayonda neft əraziləri, yüksəkgərginlikli elektrik xətlərinin altındakı boş sahələri satmaqla məşğuldur. Bələdiyyə və icra nümayəndəsinin əli ilə vətəndaşlara təhlükəli ərazilərdə yer verən Alı Qocayev bunun üçün həmin vətəndaşları o ki var xərcə salır. Sakinlər bildirir ki, artıq Binəqədidə neft ərazilərinin 80 faizə yaxını zəbt olunub. İcra başçısının göstərişilə neft sahələrində bir sot torpaq sahəsi 1000 manata vətəndaşlara satılır. Amma buna görə vətəndaşlara icra başçısı heç bir rəsmi sənəd vermir. Sakinlər deyir ki, vətəndaşı razı salmaq üçün Alı Qocayev tabeliyində olan icra nümayəndələri və qeyri-rəsmi tabeliyinə keçirdiyi bələdiyyə sədrlərinə tapşırıq verir ki, onlar vətəndaşlara saxta sənədlər versin. Bələdiyyə və icra nümayəndələri də icra başçısının tapşırığı ilə rəhbərlik etdikləri qurumun adından onlara saxta müqavilələr verir. Həmin müqavilə əsasında da vətəndaşların ev tikməsinə şərait yaradılır. Amma vətəndaşların təhlükəsizliyinə nə Alı Qocayev, nə də digər qurumlar təminat verir. Sakinlər deyir ki, iş o yerə çatıb, Alı Qocayevin tapşırığı ilə hətta Binəqədi rayonu ərazisində "gecəqondu" kimi tikilən həmin evlər ərazidəki işləyən neft buruqlarını da həyətlərinə salıb. Dövlət Neft Şirkəti əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, Alı Qocayevin adamlarının verdiyi saxta müqaviləyə görə, neft buruğunun ərazisi vətəndaşa satılıb. Sakinlər deyir ki, icra başçısına pul verməyən vətəndaşlar həmin ərazilərdə torpaq sahəsi zəbt edə bilməz. Həmin şəxslər dərhal icra başçısının hay-küyü ilə ərazidən uzaqlaşdırılır.