.jpg)
BMT-nin Azərbaycandakı qaçqın və məcburi köçkünlərin hüquqi və sosial təminatındakı boşluqlarla bağlı hazırladığı təhlil-sənəddə dəyişikliklər edilib.
Sənədin təqdimatı zamanı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov üzə çıxan dəyişikliklərə etirazını bildirib. Komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, iki il müddətində Avropa Komissiyasının maliyyə dəstəyilə hazırlanan material Azərbaycan hökuməti tərəfindən tam nəzərdən keçirilib, layihə bütün aidiyyatı qurumlara təqdim edilərək üzərində düzəlişlər aparılıb. Lakin sənədin təqdimatı zamanı bir sıra dəyişikliklər baş verib: "Təqdimatda elə məsələlər deyilir ki, ümumiyyətlə elə bir problem mövcud deyil. Bu sənəd BMT adından bütün dünyaya yayılır, ona görə məcbur oldum ki, bəzi qeyri-obyektiv fikirlərə düzəliş və tövsiyələrimi edim. Xahiş etdim ki, həmin sənədi yenidən hazırlasınlar. Bütövlükdə isə, hesab edirəm ki, sənəd məqbul və vacibdir". Qeyd edək ki, sənəddə qaçqın və məcburi köçkünlərin təhsil, səhiyyə, məskunlaşma və yerli əhali ilə inteqrasiya sahəsindəki problemlər əksini tapıb.