Kıbrısın Bakıdakı elçisi narahatdır
Zəki Qazioğlu: "Anlaşma əldə edilmədən tək bir türk əsgərinin adadan geri çəkilməsinə Kıbrıs türk xalqı razı deyil"
"Kıbrıs probleminin həllilə bağlı hər hansı anlaşma əldə edilmədən tək bir türk əsgərinin belə adadan geri çəkilməsinə Kıbrıs türk xalqı razı deyil". Bu fikirləri "OLAYLAR"-a Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Kıbrısdan türk əsgərlərinin geri çəkilmə mümkünlüyü barədə verdiyi bəyanata münasibət bildirərkən səsləndirib: "Türkiyənin bütün siyasi rəsmiləri, o cümlədən türk ordusunun rəhbərliyi və Kuzey Kıbrıs Türk Cumhuriyyətinin siyasiləri Kıbrısda bir anlaşma olduqdan sonra türk ordusunun adadan çəkiləcəyini dəfələrlə söyləyiblər. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın da söylədiyi məhz budur ki, yalnız anlaşma əldə edildikdən sonra türk ordusu adadan çəkilə bilər. Anlaşma əldə ediləcəyi təqdirdə türk əsgərinin nə qədər adada qalacağı məsələsi də razılaşdırılacaq".