.jpg)
Qarşıdan gələn parlament seçkiləri ərəfəsində diqqət yetirilən məsələlərdən biri də siyasi qüvvələrin burada hansı formada iştirak edəcəyi və hansı nəticələrə nail olacağıdır. Proseslərin gedişi göstərir ki, seçkilər ərəfəsində birlik yarada bilməyən müxalifət qüvvələri ayrı-ayrılıqda seçkiyə qatılmalı olacaq.
Lakin bu məsələdə də müxalifətin daha bir zəif nöqtəsi var. Belə ki, indi də müxalifət partiyaları maliyyə çatışmazlığından şikayətlənir.
Onlar etiraf edir ki, hər bir dairə üzrə namizədlərin, ümumilikdə isə partiyanın seçki kampaniyasını aparmaq üçün yetərli maliyyə resurslarına malik deyillər. Məsələn, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "milli.az" portalına bu məsələdə vəziyyətin ürəkaçan olmadığını bildirir: "Müsavatın maliyyə durumu acınacaqlıdır. Partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi hələ öz həllini tapmadığından, bu bizim üçün problem olaraq qalır. Müsavat müxalifət partiyasıdır, ona görə də sərbəst maliyyə mənbələri cəlb etmək çox çətindir".
A.Hacılının sözlərinə görə, maliyyə ehtiyatları olmadan seçki kampaniyasında ciddi uğur qazanmaqdan söhbət gedə bilməz: "Ona görə də seçkiyə qalan dövr ərzində maliyyə ehtiyatları əldə etməyə çalışacağıq. İlk növbədə seçkidə iştirak edəcək namizədlər imkanlarını səfərbər etməlidir".
Ümid Partiyası isə parlament seçkisilə bağlı maliyyə məsələlərini Ali Məclisin iclasında həll edəcək. Partiyanın sədri İqbal Ağazadənin sözügedən portala verdiyi məlumata görə, bu məsələ Ali Məclisin martın 7-də keçiriləcək iclasında həll olunacaq. "İndidən bu barədə nəsə deyə bilmərəm. Çünki bu məsələ mənim yox, Ali Məclisin səlahiyyətindədir".
Lakin onu da qeyd edək ki, maliyyə məsələsində daha bir maraqlı məqam partiyaların bununla bağlı hesabatları ətrafındadır. YAP istisna olmaqla, heç bir partiya belə hesabat vermir. Xatırladaq ki, 2009-cu il üzrə hesabatını YAP yanvarın sonunda verib. Hesabatda bildirilir ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyasının üzvlük haqlarından cəmi mədaxili 2 milyon 915 505 manat təşkil edib. Hesabat ilində partiyanın ümumi xərcləri 2 milyon 374 176 manat olub ki, bunun da 1 milyon 426 587 manatını Yeni Azərbaycan Partiyasının İcra Katibliyində şəhər rayon təşkilatlarında çalışan əməkdaşların əməkhaqqı fondu təşkil edib.