Müzəffər Baxışov: "Ona görə məhkəmələr bu metoda əl atır ki, bu qurumlar müstəqil deyil"
.jpg)
Xəbər verildiyi kimi, Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. R.Rzayevin verdiyi məlumata görə, 2009-cu ildə Ali Məhkəmənin kollegiyaları və plenumunda 4862 işə baxılıb.
Həmçinin, respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələrində 14 min 14 cinayət işinə baxılıb və 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib. R.Rzayev 2008-ci ilə nisbətən 2009-cu ildə Ali Məhkəmədə baxılan işlərin 10 faiz artdığını deyib. R.Rzayevin açıqlamasından o da məlum olub ki, 10 ildir həbs-qətimkan tədbirlərinə məhkəmələr baxır: "2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbirinin seçilməsi prokurorluğun səlahiyyətində olub. Amma həmin ildən bu səlahiyyət məhkəmələrə verilib. Bunun da əsas məqsədi insanların hüquqlarının daha yaxşı qorunması idi. Amma təəssüflə demək lazımdır ki, bu belə olmadı". R.Rzayevin keçirdiyi mətbuat konfransında diqqəti çəkən məqamlardan daha biri: "Təəssüflər olsun ki, hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verir. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir. Şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır". Bir çox ölkələrdə həqiqətən də girov qətimkan tədbiri tətbiq olunur. Qoyulan müəyyən həcmdə girov müqabilində ittiham olunan həbsdə saxlanmır. Bəs Azərbaycanda niyə bu metoddan istifadə olunmur? Məsələyə münasibət bildirən Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, böyük ictimai təhlükə törətməyən müttəhimlərə girov qətimkan tədbiri tətbiq oluna bilər: "Bu, qiymətli kağız və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər. Girov yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər, az ağır və bir də ehtiyatsızlıq üzündən ağır cinayət törətmiş şəxslərə tətbiq oluna bilər. Əslində girov həbs-qətimkan tədbirinə nisbətdə daha sərt tədbirdir. Təsəvvür edin ki, hansısa şəxs az ağır bir cinayət törədib və ona görə 10 min manat pul girov qoyub. Həmin şəxs istintaqdan qaçıb gizlənərsə, girov dövlətin nəfinə keçəcək. Deməyim odur ki, həbs qətimkan tədbirinin 10 növü var. Ancaq bizdə, təəssüflər olsun ki, məhkəmələr həbs qətiimkan tədbirinə üstünlük verir. Halbuki, digər qətimkan tədbirlərinin görülməsi üçün geniş imkan olur. Azərbaycanda ona görə məhkəmələr bu metoda əl atır ki, bu qurumlar müstəqil deyil. Bir qayda olaraq, məhkəmələr prokurorlardan çəkinir. Ona görə də verilən təqdimatlar qəbul edilir və bir qayda olaraq həbs-qətimkan tədbiri seçilir".