"İlham Əliyev mənə dedi ki, siz yeri seçin, binanı tikək"
Bakıda yeni yəhudi sinaqoqunun yeri məlumdur
Yeni park salınması ilə bağlı Şəmsi Bədəlbəyli küçəsindəki yəhudi sinaqoqu da söküləcək. Dağ Yəhudiləri dini icmasının rəhbəri Semyon İixilov bu barədə "Turan"a bildirib.
O, köhnə sinaqoq sökülənə kimi yenisinin tikiləcəyinə ümid etdiyini deyib. "Füzuli küçəsindəki doğum evinin ətrafında yeni sinaqoq tikilməsi üçün yer ayrılıb, hazırda həmin ərazidə sakinlərdən evlərin alınması işi gedir", - deyə S.İixilov yeni tikiləcək sinaqoqun yeri barədə açıqlama verib. Onun sözlərinə görə, yeni sinaqoq tikilməsilə bağlı 2008-ci ildə "Bibiheybət məscidi"nin əsaslı təmirindən sonra təşkil edilən mərasimdə dövlət başçısı İlham Əliyevlə razılıq əldə olunub. "Mən çıxışımda məscidin gözəlliyindən danışdım, yəhudilərin də belə ibadət evinə malik olması istəyimi ifadə etdim. Tədbirin sonunda İ.Əliyev mənə yanaşaraq, "siz yeri seçin, binanı tikək" vədi verdi" - deyə S.İixilov qeyd edib. Dini icma başçısı köhnə sinaqoqu (Rəşid Behbudov küçəsindəki R.Behbudov adına Mahnı Tetrının binası - red.) istəsələr də, hakimiyyət dairələrindən buna hər hansı razılıq verilmədiyinə diqqət çəkməyi də yaddan çıxarmayıb.
Sinaqoqun sökülməsilə bağlı kompensasiya verilməsi məsələsinə S.İixilov "kompensasiyamız yeni tikilən sinaqoq olacaq" - reaksiyası verib.
TURAN