Azərbaycan DİN və Baş Prokurorluq valyutadəyişmə məntəqəsinin işçilərinin güllələnməsi barədə yeni məlumat yaydı
.jpg)
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin işçisinin qətlə yetirilməsi faktı ilə bağlı birgə məlumat açıqlayıb.
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirən şəxs barəsində məlumat verənlərə mükafat təyin edilib. Qeyd edək ki, fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində naməlum şəxs "Makarov" tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq, intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir. Cinayətdə şübhəli bilinən təxminən 25-30 yaşlı, boyu 170-175 sm., atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır. Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələrilə yayımlanıb. DİN VƏ Baş Prokurorluq fotorobotu bir daha təqdim edərək, onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, "102 Zəng Xidməti" və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş edir.
Anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10.000 manat pul mükafatı veriləcək.