.jpg)
"AzAL"Dövlət Konserni Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qanunsuz pul yığır. Bu barədə "OLAYLAR"a sakinlər məlumat verib.
Məlumata görə, qurum hava limanına daxil olan hər bir avtomobilə görə sürücülərdən pul tələb edir və bu pulyığımını heç bir səbəblə əsaslandırmır. Hava Limanının ərazisinə daxil olan avtomobillərin hər biri girişdən daxil olarkən "AzAL"ın nəzarət postu tərəfindən saxlanır və onlara məcburi çeklər verilir. Həmin çeklərdə avtomobilin liman ərazisinə daxil olduğu vaxt göstərilir. Avtomobil hava limanından çıxanda isə həmin nəzarət postunda saxlanır və verilən çek geri alınır. Həmin çekdəki vaxta görə avtomobilin hava limanı ərazisində nə müddət olduğu hesablanır və ona görə sürücüdən pul alınır. Sakinlər bildirir ki, nəzarət postunda sürücülərdən minimum 1 manat alınır. Hava limanında bir neçə saat adam gözləyən sürücüdən buna görə 3-5 manat, bəzi hallarda isə 10 manat alınır. Amma həmin pulların hesabı aparılmır. Qanunsuz rüsumların hansı büdcəyə daxil olduğu və ondan dövlətə nə qədər vergi verildiyi isə məlum deyil. Bu postların "AzAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun nəzarətində olduğu bildirilir. Məlumata görə, həmin pullar hər axşam toplanaraq çeklərlə birlikdə Cahangir Əsgərova təhvil verilir.