Jurnalist, ya sahə mütəxəssisi?..
Jalə Əliyeva: "Mətbuat xidmətlərində çalışan insanlarda hər iki keyfiyyət eyni dərəcədə olmalıdır"
.jpg)
Dövlət qurumlarında, nazirlik və komitələrdə mətbuatla həmin rəsmi təşkilatlar arasında əsas vasitəçiliyi mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları yerinə yetirir.
Bu sahədə çalışanların böyük əksəriyyəti isə keçmiş jurnalistlərdir. Yəni bu adamlar mətbuatda peşəkar jurnalist kimi tanındıqdan sonra dövlət qurumlarının mətbuat xidmətlərində işlə təmin olunub. Hazırda Ali Məhkəmədən, Daxili İşlər Nazirliyindən tutmuş, Baş Prokurorluğa, Səhiyyə və Təhsil nazirliklərinə qədər bütün dövlət qurumlarında mətbuat xidməti (yaxud ictimaiyyətlə əlaqələr şöbəsi) fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışan insan ixtisasca həkim olmalıdır, yoxsa peşəkar jurnalist? Yaxud Təhsil Nazirliyinin mətbuat xidmətinə müəllimlik ixtisası üzrə təhsil alan şəxs rəhbərlik etməlidir, ya jurnalist? Baş Prokurorluğun mətbuat xidməti hüquq işçisi olmalıdır, yoxsa qələm adamı? Bəzi mətbuat adamları hesab edir ki, bu sahələrdə çalışan adamların ixtisasca jurnalist olması vacibdir. Onlara görə, sonradan bu jurnalistlərə peşə kursları, treninqlər keçilməlidir ki, onlar sözçüsü olduğu sahə üzrə ixtisaslaşsın. Yəni onların bu sahədə peşəkarlığı artsın. Mətbuat adamlarının fikrincə, bu sahələrinin mütəxəssisi olan şəxslərin çox zaman mətbuat xidməti vəzifəsini icra etməsi elə də uğurlu alınmır, çünki bu adamlar jurnalistlərlə danışa bilmir. Bu halda, qələm adamları təklif edir ki, həmin sahələr üzrə mütəxəssislərə də jurnalistikanın prinsipləri, informasiya vermə qaydaları, mətbuatla işləmə yolları və s. treninqlər vasitəsilə öyrədilsin. Mətbuat adamları onu da deyir ki, bütün dövrlərdə istər hüquqşünas, istər həkim, istər müəllimlər, istər polis orqanlarında, istərsə də digər sahələrdə çalışan insanlar arasında gözəl qələm adamları, mətbuat səhifələrində çıxış eləyən şəxslər olub, indi də var. Millət vəkili Jalə Əliyeva isə bizimlə söhbətində bildirdi ki, dövlət qurumlarının mətbuat xidmətində çalışan insanlar hər iki sahə üzrə ixtisaslaşmalıdır. J.Əliyeva hesab edir ki, həmin şəxs jurnalist olmaqdan əvvəl işlədiyi sahəni gözəl bilməli, o sahənin sırf mütəxəssisi olmalıdır":Fikrimcə, mətbuat xidmətlərində çalışan insanlarda hər iki keyfiyyət eyni dərəcədə olmalıdır. Amma bununla belə, o adamlar həmin sahələr üzrə mütəxəssis olsa daha yaxşı olar. Çünki təmsil etdiyi sahəni yaxşı bildiyindən, onun üçün mətbuatla işləmək çətin olmayacaq. Ola bilsin, onlardan kimsə mətbuata danışmaqda çətinlik çəksin. Onsuz da jurnalistlər özləri o səhvləri düzəldəcək". Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, tanınmış şair-publisist Çingiz Əlioğlunun sözlərinə görə isə, dövlət qurumlarının, nazirlik və komitələrin mətbuat xidmətində işləyən şəxsin mütləq iki təhsili olmalıdır. Ç.Əlioğlu hesab edir ki, bu halda, mətbuat xidmətində işləyən adamlar işini daha peşəkar səviyyədə qura bilər:
"Çox yaxşı olardı ki, aidiyyəti fəaliyyət üzrə mükəmməl bilik və savadı, eyni zamanda, jurnalist kimi yüksək peşə səriştəsi olan adamlar dövlət qurumlarının mətbuat xidmətində çalışsın. Bu insanlar ikili təhsil almalıdır. Onlar həm peşəkar jurnalist təhsili almalı, həm də öz sahəsinin (hansı nazirlikdə, komitədə, dövlət qurumlarında mətbuat xidmətində işləyəcək, yaxud rəhbərlik edəcək) mükəmməl bilicisi olmalıdır. Bu mənim şəxsi fikrimdir". "Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri, yazıçı-tədqiqatçı Yunus Oğuzun fikrincə isə, nazirlik, komitə və digər dövlət qurumlarının mətbuat xidmətlərində çalışan insanlar həmin sahələr üzrə ixtisaslaşmış jurnalistlər olsa, bu daha yaxşı nəticə verər: "Bu adamlar həmin sahələr üzrə ixtisaslaşmış jurnalistlər olmalıdır. Onlar həmin qurumların işini xırdalığına qədər bilməlidir. Bunun üçün peşə kursları, treninqlər keçməlidir və s. Yoxsa, elə mətbuat xidmətləri olur ki, işlədiyi qurumun fəaliyyəti haqda bir sual verəndə "mənim bundan xəbərim yoxdur. Öyrənib sizə məlumat verərəm" deyir. Bu gün dövlət qurumlarının mətbuat xidmətinə rəhbərlik edən şəxslərin əksəriyyəti bizim içimizdən, yəni jurnalistikadan gedən adamlardır. Hesab edirəm ki, mətbuatda ixtisaslaşmış jurnalistikaya fikir vermək lazım gələcək". Y.Oğuzun fikrincə, həmin sahələr üzrə (təhsil, mədəniyyət, hüquq, məhkəmə, səhiyyə) ixtisaslaşmış insanları jurnalistika, mətbuat özü yetişdirməlidir: "Mətbuatda ixtisaslaşmış jurnalistlər yetişdirilsə, daha yaxşı olar".