İsa Qəmbər Avropa İttifaqı sədrinin müxalifət rəhbərlərilə görüşündə iştirak edə bilmədi
.jpg)
Azərbaycanda səfərdə olan Avropa İttifaqına (Aİ) sədrlik edən İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinosun başçılıq etdiyi nümayəndə heyəti müxalifət təşkilatlarının rəhbərlərilə görüşüb. Azərbaycan Liberal Partiyasının (ALP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, Aİ-Azərbaycan münasibətləri, Azərbaycanda siyasi məhbuslar problemi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər də görüşə dəvətlilər sırasında olub, lakin o, görüşə qatılmayıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, İ.Qəmbərin görüşdə iştirak etməməsi sırf texniki problemlə bağlı olub: "Moratinosun Azərbaycana gəlməsi bir neçə saat gecikdiyi üçün görüşün vaxtı da bir neçə dəfə dəyişdirildi. Bu səbəbdən İsa Qəmbər görüşdə iştirak edə bilmədi".