.jpg)
"Parlament seçkiləri ilində müxalifət partiyalarının bir-birinə qarşı mübarizə aparmasını yolverilməz hesab edirəm. Agent axtarışları müxalifət daxilində heç kimə başucalığı gətirməyən bir məsələdir".
Bunu APA-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki, müxalifətdəki ayrı-ayrı qruplar daxildə agent axtarışına çıxmaqla əməkdaşlıq imkanlarını məhdudlaşdırır: "Ola bilsin, kimlərinsə belə mövzulardan istifadə etməyə ehtiyacı var və bu mövzuları ortaya atıb, hansısa müzakirələrdə öz siyasətlərini həyata keçirmək istəyirlər". Q.Əlibəylinin sözlərinə görə, bəzən Aydınlar Partiyası və onun özünün də hakimiyyətə yaxın olması barədə fikirlər səslənir: "Amma biz mətbuatda haqqımızda yazılanların heç birinə cavab verməyəcəyik. Partiyamız öz mövqeyini elan edib, hazırkı hakimiyyətə qarşı müxalifət mövqeyindədir. Biz müxalifətçiliyi söyməkdə yox, nöqsanları göstərməkdə, həmin nöqsanların aradan qaldırılması üçün təkliflərimizi müəyyənləşdirib təqdim etməkdə görürük. Hazırkı hakimiyyətin siyasi kursunu bəyənmirik. Kim nə deyir, desin. Biz özümüzü kiməsə sübut etmək, kiməsə arayış vermək fikrində də deyilik. Bu mənasız bir işdir".