"Mənim AXCP-KXCP-Müsavat Partiyası koalisiyasını müsbət qarşılamaq barədə fikrim olmayıb"
.jpg)
Parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyalar arasında birlik və koalisiyaların formalaşması istiqamətində müxtəlif səpkidə atılan addımlar intensivləşməkdədir. Bu xüsusda hələlik bir nəticə hasil olmasa da, müxalifətdə olan partiyaların daha intensiv fəaliyyət göstərdiyi hiss olunur.
Belə ki, Müsavat Partiyası koalisiyanın, özləri də daxil olmaqla, AXCP və KXCP arasında formalaşmasını məqbul sayaraq, birliyin ancaq bu formatda olmasına çalışır. Müsavat Partiyasının Divanı son iclasında da həmin təklifi bir daha rəsmən bəyan edib. Müsavat Partiyası seçkilərdə real müxalifətin birliyini və güclü namizədlər ideyasını təklif edir. Təklifdə nəzərdə tutulur ki, nüvəsində Müsavat, AXCP və KXCP kimi Rəsulzadə-Elçibəy ideyasına sadiq partiyaların dayandığı birlik yaradılmalı, sonra isə digər partiyalar, ictimai təşkilatlar və güclü namizədlər həmin birliyə cəlb edilməlidir. Buradan da göründüyü kimi, Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərində yalnız yuxarıda adı hallanan iki partiya ilə əməkdaşlıqda maraqlıdır. Bu arada mətbuatın yazdığına görə, adıçəkilən digər iki partiyadan biri-KXCP Müsavatın sözügedən təklifini müsbət qarşılayıb. Bildirilir ki, KXCP sədri Mirmahmud Mirəlioğlu birlik istiqamətində addımlar atılacağını bəyan edib: "Bu məsələdə Müsavat Partiyası və digər real müxalifət partiyaları ilə birlikdə olacağıq. "Azadlıq" blokundan da bizim müraciətə cavab gəlsin. Sonra konkret və yekun addımı atacağıq". Bildiyimiz kimi, Müsavatın təklif etdiyi bu birlik digər müxalifləri xeyli qıcıqlandırıb. Xüsusən də ALP və Ümid Partiyası həmin ideyanın reallaşması ehtimalını belə həzm etməyərək, bunun müxalifətin ümumi birliyinə xələl gətirdiyini düşünür. AXCP isə hələlik təklifə münasibətdə susmağı üstün tutur. Bununla belə onlar daha geniş birliyin baş tutmasını istəyir. Cəbhəçilər bu birliyin "Azadlıq" bloku ilə Müsavat arasında olmasına daha çox maraq göstərir. KXCP isə bu məsələdə daha da irəli gedib. Belə ki, KXCP-nin də daxil olduğu Demokratiya Uğrunda İttifaq (DUİ) koalisiyanın daha geniş aspektdə-DUİ, Müsavat və "Azadlıq" bloku çərçivəsində reaalaşmasında maraqlı olduğunu bəyan edib. Hansı ki, həmin təklif bu yaxınlarda Müsavat Partiyası tərəfindən də bəyənilmişdi. Amma mətbuatın yazdığından belə çıxır ki, Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi təşkilat artıq Müsavat-AXCP-KXCP koalisiyasına üstünlük verməyə başlayıb. Bunun nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün KXCP sədrilə əlaqə saxladıq.
Mirmahmud Mirəlioğlu sözügedən koalisiya barədə mətbuatda onun adından hallanan fikirlərin həqiqəti əks etdirmədiyini bildirdi: "Orada nə yazıldığını bilmirəm. Ola bilər ki, nəyisə təhrif ediblər. İstənilən birliyin tərəfdarıyıq. Amma təbii ki, ilk addım olaraq DUİ, Müsavat Partiyası və "Azadlıq" bloku ilə məsələlərin birgə müzakirəsinin tərəfdarıyıq. Orada hansı nəticə hasil olacaq, bunu zaman göstərər. Müsavatın belə bir bəyanatı olub. Bundan da qabaq qərarları olub. Amma istənilən bəyanat hər kəsin özünün şəxsi işidir. Mənim AXCP-KXCP-Müsavat Partiyası arasında koalisiyanı müsbət qarşılamağım barədə elə bir fikrim olmayıb".