Zəfər Quliyev: "İndiki məqamda müharibə yolu ilə problemin Azərbaycanın xeyrinə həlli Rusiyanın strateji maraqlarına cavab vermir"
Rauf Mirqədirov: "Rusiya bu gün bəlkə də Azərbaycanın, atəşkəsi pozaraq, hərbi əməliyyatlara başlamasında maraqlıdır"
.jpg)
Dağlıq Qarabağ konfliktinin həll prosesi uzandıqca bölgədə müharibə təhlükəsinin artacağı da istisna olunmur. Bunu nəzərə alan bəzi ekspertlər hərbi əməliyyatlar başlanacağı təqdirdə böyük dövlətlərin ona hansı reaksiya göstərəcəyi istiqamətində proqnozlar verməyə başlayıb.
Belə ki, bu günlərdə rusiyalı politoloq, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin prezidenti, "Federal" jurnalının baş redaktoru Qriqori Trofimçuk həmin məsələyə toxunaraq iddia edib ki, Qarabağda müharibə başlasa, Rusiya neytral qalacaq. Jurnalistin "ötən əsrin 90-cı illərində Qarabağ döyüşlərinin qızğın çağında Rusiya erməni separatçılarının tərəfini tutmuşdu. Hərbi əməliyyatlar başlasa, vəziyyət yenə təkrarlanacaqmı" sualına ekspertin cavabı belə olub: "Rusiyada azərbaycanlılara və ermənilərə münasibət hazırda 90-cı illərdəki kimi birmənalı deyil. 2008-ci il konfliktini yada salın. Rusiya ona görə bu konfliktə cəlb olundu ki, Abxaziya və Cənubi Osetiya Rusiya ilə həmsərhəddir. Dağlıq Qarabağın isə Rusiya ilə quru və dəniz sərhədi yoxdur. Odur ki, burada vəziyyət bir qədər başqadır. Məncə, hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə Moskvanın siyasəti olduqca ölçülü-biçili olacaq. Fikrimcə, Rusiya neytrallıq siyasəti yürüdəcək". Politoloq Qarabağ münaqişəsinin açarının Kremldə olması fikrilə razıdır: "Bəli, açar hələ də Kremldədir. Ancaq bu açardan istifadədə tələsmək lazımdır. Kimin üçün yaxşı, kimin üçünsə pis ola bilər, fikrimcə, pozitiv məqamdır ki, açar məhz Rusiyadadır. Çünki rusiyalılar mentalitetlərinə görə azərbaycanlılara çox yaxındır. Qarabağ ixtilafını "Yahova şahidləri" həll edəcəksə, xeyirli bir şey gözləməyə dəyməyəcək. Odur ki, Moskva üzücü konflikti yoluna qoymaq üçün əlindən gələni etməlidir". Qeyd edək ki, konflikt başlanan dövrlərdə Rusiyanın, birbaşa olmasa da, dolayısı ilə İrəvanın arxasında durduğu heç kimə sirr deyil. Torpaqlarımızın işğalında, ermənilərlə yanaşı, rus hərbçilərinin də iştirak etdiyi hər kəsə bəllidir. Bundan başqa, Rusiyanın kütləvi informasiya vasitələri daimi olaraq ermənipərəst mövqeyilə seçilib. Düzdür, son zamanlar Moskva ilə Bakı arasında münasibətlər daha da istiləşib. İki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələr xeyli genişlənib. Vəziyyət o həddə çatıb ki, Azərbaycan Rusiyaya qaz satmağa da başlayıb. Bütün bunlar Moskva ilə ölkəmiz arasında əlaqələrin sıx olduğundan xəbər verir. Amma buna baxmayaraq, hərbi əməliyyatlar başlanacağı təqdirdə, Kremlin neytral qalacağı maraqlı və yeni görünür.
Ekspertlərin məsələyə münasibəti necədir?
"Turan" İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev, rəsmi mövqe olmadığından, indidən məsələyə proqnoz verməyin çətin olduğunu dedi: "Hər şey ehtimallar üzərində qurulur. İndiki mərhələdə müharibə mövzusu aktual deyil. Azərbaycan müharibə variantını nə seçir, nə də başlamaq istəyir. Müharibəyə başlasaq da, rəsmi Moskvanın mövqeyinin nədən ibarət olacağını bilmirik. Buna görə də deyilən fikirlər ehtimallar üzərində qurulur. Ona görə də burada təhlil üçün elə ciddi predmet də yoxdur. Azərbaycan indiki halda müharibə variantına hazır da deyil. Hazırlıq deyəndə tək ordunun hazırlığını nəzərdə tutmurdum. Aydındır ki, müharibə üçün daxildə ictimaiyyət psixoloji cəhətdən buna hazır olmalı, təbliğat qurulmalıdır. Eyni zamanda, müharibə variantı üçün uyğun sərfedici geosiyasi məqam seçilməlidir. Xarici qüvvələrin, beynəlxalq qüvvələrin, hətta pərdəarxası da olsa, hansısa bir razılığı alınmalıdır. Bu zaman Rusiyanın mövqeyi çox vacib məqamdır. Rusiyanın Azərbaycana həm birbaşa yolla, həm də Ermənistan vasitəsilə təsir etmək imkanları çoxdur. Moskva Ermənistanı silah və mütəxəssislərlə yenidən gücləndirə bilər, onlara siyasi və informasiya dəstəyi verə bilər. Aydın məsələdir ki, burada Rusiyanın mövqeyi həlledici ola bilər. Hərbi əməliyyatlar başlasa, Moskvanın mövqeyinin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Düzdür, hazırda Moskva ilə Bakının münasibətləri yaxşıdır, artan xətt üzrə gedir. Enerji, iqtisadi, siyasi, mədəniyyət sahəsində əlaqələr intensivləşir. Eyni zamanda, bu iki ölkə bir-birinə lazımdır. Ölkələr arasında olan ticarət dövriyyəsi günü-gündən artır. Rusiya ilə Azərbaycan birgə layihələr üzərində də işləyir. Cənubi Qafqazda həll edilən layihələrdə bir-birilə məsləhətləşirlər. Lakin unutmayaq ki, ilk növbədə Rusiyanın öz maraqları var. Cənubi Qafqazdakı münaqişələrin hansı formada həllini tapmasına Moskvanın öz yanaşması var. Azərbaycan risq edib Rusiyanın razılığını almadan hərbi əməliyyatlara başlasa, Moskvanın neytral qalacağı barədə söylənilənlər bizi arxayınlaşdırmamalıdır. Ona görə ki, bu zaman ölkə böyük risqlərlə üz-üzə qalar. Rusiya hər an prosesə girişə bilər. Hesab edirəm ki, indiki məqamda müharibə yolu ilə problemin Azərbaycanın xeyrinə həlli Rusiyanın strateji maraqlarına cavab vermir. Ona görə də indidən bu cür mövzuları müzakirə etmək həm tezdir, həm də ortada konkret hansısa bir rəsmi mövqe yoxdur ki, ona əsaslanaraq proqnoz quraq. Politoloqlar problemlərə müxtəlif cür yanaşa bilər. Lakin düşünürəm ki, Minsk Qrupunun üzvü olan Moskva Vaşinqton və Paris kimi hələlik eyni mövqedə durur. Onlar problemin müharibə yolu ilə həllinə tərəfdar deyil və onun sülh yolu ilə həllinə çağırırlar. Hələlik Moskvanın rəsmi mövqeyi budur, ortalıqda başqa heç nə yoxdur".
"Zerkalo" qəzetinin eksperti Rauf Mirqədirov burada təxribat amilinin olduğunu zənn edir və Moskvanın müharibə zamanı bitərəf qalacağına inanmır: "Belə fikirlər son zamanlar Rusiyanın kifayət qədər nüfuzlu politoloq və siyasətçiləri səviyyəsində tez-tez səsləndirilir. Amma rəsmi səviyyələrdə belə bəyanatlar hələlik eşidilməyib. Belə ümidlər yaradırlar ki, hərbi əməliyyatlar başlasa, bu artıq Gürcüstan deyil, Qarabağın Rusiya ilə birbaşa sərhədi yoxdur, buna görə də Moskva həmin anda kənarda qalacaq. Buna bir sıra arqumentlər də gətirirlər. Bunlardan biri odur ki, müharibəni Azərbaycan öz ərazisində aparacaq, bu Ermənistan ərazisində olmayacaq, bu isə nə Rusiyaya, nə də Kollektiv Təhlükəsizlik Şurasına hadisələrə birbaşa qarışmağa imkan verəcək. Arqumentlərdən biri də budur ki, Rusiyanın müdaxiləsi üçün Kollektiv Təhlükəsizlik Şurasında qərar qəbul olunmalıdır, lakin buradakı Azərbaycana dost dövlətlərin həmin qərarı dəstəkləyəcəyi gözlənilmir. Bu cür arqumentlər mənim üçün ciddi səslənmir. Gürcüstanda baş verən hadisələri yada salmaq istərdim. Oradakı rus qoşunları MDB mandatı əsasında yerləşdirilmişdi. Onda belə çıxır ki, onların statusunun dəyişdirilməsi, ora əlavə qoşunların yeridilməsi və müdaxilələri barədə qərar MDB dövlət başçılarının mandatına aid qərar idi. Lakin Rusiya qoşunları yeridərkən MDB dövlətlərinin heç birilə hətta məsləhətləşməmiş, onların razılığını almamışdı. Kollektiv Təhlükəsizlik Təşkilatının nizamnaməsi təxminən NATO nizamnaməsinə uyğundur. Orada bir dövlətə qarşı təcavüz bütövlükdə bloka qarşı təcavüz kimi qiymətləndirilir. Azərbaycanın müharibəni öz ərazisində aparması və ya Ermənistanla müharibə etməsi məsələsinin dəyərləndirilməsi siyasətçilərdən asılıdır. Amma Gürcüstan da öz ərazisində müharibə aparırdı, heç bir dövlətin ərazisinə təcavüz etməmişdi. Bu arqument o qədər də ciddi deyil. Nəzərə almaq lazımdır ki, bütövlükdə Rusiyanın bu tip hadisələrə təkbaşına qarışmaq imkanı var.
Rusiya qanunvericiliyində keçən il edilən dəyişikliyə görə ölkə rəhbəri heç kimlə, hətta parlamentlə məsləhətləşmədən hərbi qüvvələrdən ölkə hüdudlarından kənarda belə istifadə etmək hüququna sahibdir. Həmin qanuna görə, prezident nəinki təkcə müttəfiqlərinə qarşı təcavüz olarsa, hətta təcavüz təhlükəsi yaranarsa belə Rusiya qüvvələrindən ölkə xaricində istifadə etmək hüququna malikdir. Təcavüz təhlükəsinin hansı parametlərlə müəyyənləşəcəyi də məlum deyil. Bütün bu faktorlar belə ehtimal etməyə imkan verir ki, Rusiya bu gün bəlkə də Azərbaycanın atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamasında maraqlıdır. Bununla onlar çalışır ki, sonradan öz hərbçilərinin gücündən istifadə edərək münaqişənin nəinki siyasi, eyni zamanda hərbi dominantlarından birinə çevrilsinlər. Bunun üçün onlara regiona xüsusi qüvvələr yeritmək də lazım deyil. Ermənistanda olan rus qüvvələri buna yetər. Ona görə də rus politoloqunun söylədiklərinin təxribat xarakteri daşıdığını istisna etmək olmaz".