ABŞ-ın məşhur silah və enerji şirkətləri uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinə "yox" dedi
ABŞ-ın 4, İngiltərənin isə 1 iri silah şirkətinin uydurma "erməni soyqırımı" haqqında qərar layihəsinin Konqresdə qəbul edilməməsi üçün lobbi fəaliyyətləri apardığı ortaya çıxıb.
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın "Northop Grumman", "Raytheon", "United Technologies", "Goodrich" korporasiyaları, eləcə də Britaniya müdafiə sənayesinin önəmli qurumlarından olan "BAE Systems" bu ilin ilk 3 ayında, "erməni soyqırımı" da daxil olmaqla, iqlim dəyişikliyi, vergilərin azaldılması, hibrid texnologiyalar, texnoloji tədqiqatlar üçün Konqresdə apardıqları lobbiçilik işinə 14 milyon dollar xərcləyib. Enerji şirkəti "Chevron" da bu işə dəstək verib. "Chevron" bu məqsədlə 6,8 milyon dollar, "Northop" 2,6 milyon dollar, "United Technologies" 1,9 milyon dollar, "Raytheon" 1,4 milyon dollar, BAE 1,1 milyon dollar, "Goodrich" isə 542 min 195 min dollar ayırıb. Türkiyəyə "Sikorsky" vertolyotları satan "United Technologies Corporation" lobbiçilik fəaliyyəti apardığını təsdiqləyib. Şirkət ABŞ-ın milli mənafeləri və beynəlxalq ticarətin inkişafı naminə erməni layihəsinin əleyhinə səs vermələri üçün Nümayəndələr Palatası üzvlərinin məlumatlandırıldığını açıqlayıb.
Türkiyənin "Vatan" qəzeti məşhur silah korporasiyası "Lockheed Martin" və dünyanın ən nəhəng aviasiya korporasiyalarından olan "Boeing"in də erməni layihəsinin əleyhinə çıxdığını və bu məqsədlə Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana məktub göndərdiyini xəbər verib.