Ermənistan, ya Türkiyə-Azərbaycan...
Bu gün ABŞ Konqresi bütün dünyanı düşündürən suala cavab verəcək
Davudoğlu: "3 günə protokolları ratifikasiya edə bilərik" dedi
.jpg)
Martın 4-ü Türkiyə, ABŞ və Ermənistan üçbucağında siyasi ekspertlər tərəfindən ən kritik gün kimi dəyərləndirilir. Buna əsas səbəb ABŞ Konqresi xarici əlaqələr komitəsinin iclasında qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəyə çıxarılmasıdır. Artıq həm Türkiyə, həm də Ermənistan tərəfindən xeyli sayda nümayəndə heyəti ABŞ-dadır və bu məsələnin necə yekunlaşacağını səbrsizliklə gözləyir.
Belə bir vaxtda uzun müddətdən bəri susqunluğunu saxlayan Obama administrasiyası da nəhayət məsələyə mövqeyini açıqlayıb.
Ağ Evin rəsmi nümayəndəsi Maykl Hammer Osmanlı imperiyasında 1915-ci il erməni hadisələrinə prezident Barak Obamanın mövqeyini bildirib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, Maykl Hammer aşağıdakıları qeyd edib: "Ağ Ev Türkiyə və Ermənistanı tarixi hadisələrə qayıtmamağa və bu günlə yaşamağa çağırıb".
Maykl Hammer prezident Barak Obamanın "soyqırım"la bağlı mövqeyinin dəyişmədiyini deyib: "Həqiqətlərin dürüst və ədalətli şəkildə qəbul edilməsinin tərəfdarıyıq. Bu hədəfə çatmanın ən yaxşı yolunun erməni və türk xalqının keçmişdə yaşananlara münasibətini normallaşdırma cəhdləri çərçivəsində müzakirə etməli olduğuna inanırıq. Həmin istiqamətdə təşəbbüsləri dəstəkləməyə davam edəcəyik".
Türkiyə isə layihənin qəbul edilməməsinə yönəlik fəaliyyətini davam etdirir. Vaşinqtonda olan iki millət vəkili heyəti konqresmenləri layihənin qəbulunun yanlış və zərərli olacağına inandırmağa çalışır. Türkiyənin ABŞ-dakı yeni səfiri Namiq Tan isə yəhudi lobbisi ilə görüşlər keçirir. Bu görüşlərin ilkin nəticəsi də var. Mərkəzi Vaşinqtonda olan Milli Təhlükəsizlik İşləri Yəhudi İnstitutu açıqlama yayaraq, "soyqırım" layihəsinə qarşı çıxmanın və qətnamənin qəbul edilməməsinin vacibliyini vurğulayıb: "ABŞ Konqresi başqa zamanlarda başqa xalqların tarixinin müzakirə ediləcəyi yer deyil. Türkiyə və Ermənistan müstəqil ölkələrdir. Konqresin bu işə qarışmasının faydası olmayacaq".
"Media forum" saytının məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Obamaya güvəndiyini deyib. Baş nazir bu məsələnin tarixçilərin öhdəsinə buraxılmasının lazım gəldiyini söyləyib: "Türkiyə-ABŞ əməkdaşlığı ən uğurlu dönəmindədir. Bu əməkdaşlığın belə təşəbbüslərlə zədələnməyəcəyinə ümid edirəm. Prezident Obamanın liderliyinə və praqmatikliyinə güvənirəm".
Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin 46 üzvü var. Onlardan 26-sı demokratları, 20-si isə respublikaçıları təmsil edir. Türkiyə mətbuatının yazdığına görə, demokratların 18-nin "soyqırım" layihəsinə "hə" deyəcəyinə birmənalı baxılır. Respublikaçılardan layihəni dəstəkləyənlərin sayı isə 7 nəfərdir. Bu baxımdan sənədin 21 səsə qarşı 25 səslə qəbul edilməsi gözlənir. Ancaq onun Nümayəndələr Palatasının gündəliyinə salınıb-salınmaması parlament sədri Nensi Pelosidən asılıdır. Ermənilərin sıx yaşadığı Kaliforniya əyalətindən seçilən Pelosi "soyqırım" iddialarını dəstəkləyir.
ABŞ-da layihənin qəbulunun Türkiyə ilə münasibətlərə zərər verəcəyini düşünənlər az deyil. Hava və peyk sənayesi sahəsindəki böyük şirkətlərin rəhbərləri xarici əlaqələr komitəsinin rəhbəri Hovard Bermana məktubla müraciət edib. Onlar layihənin qəbulunun Türkiyəyə ixracatı təhlükəyə atacağını bildiriblər. "Boeing Co", "Lockheed Martin Corp", "Raytheon Co", "United Technologies Corp" və "Northrop Grumman Corp" şirkətləri rəhbərlərinin imzaladığı məktubda konqresmenlərə "on minlərlə insanın çörəyi ilə oynamayın" çağırışı edilib: "Önəmli NATO müttəfiqi və ticarət ortağı olan Türkiyəni küsdürmək ABŞ-ın geopolitik mənafelərinə də, ixracat və iş sahələrini artırma səylərinə də mənfi təsir göstərəcək".
ABŞ-da 270 şirkəti özündə birləşdirən Aviasiya Sənayesi Birliyi Nümayəndələr Palatasına ayrı müraciət göndərib. Müraciətdə "indiki iqtisadi şərtlər altında ən önəmli ticarət müttəfiqlərimizdən birilə münasibətlərimizi təhlükəyə ata bilmərik" deyilir.
Bu arada isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutan protokolları 3 günün içində ratifikasiya edə biləcəyini söyləyib. Türkiyənin "Radikal" qəzetinə müsahibəsində o, məsələyə belə münasibət bildirib: "Biz Qafqazda nəyə nail olmaq istəyirik? Protokolları imzalamışıq. Onların parlamentin gündəliyinə salınması müqavimətlə qarşılanacaq. Lakin cəmi 3 günə onları ratifikasiya edə bilərik. Bəs 3 ay sonra Qarabağda müharibə başlasa və biz sərhədləri yenidən qapamalı olsaq necə?"
Nazir protokollarda Dağlıq Qarabağ münaqişəsi, Qars müqaviləsi kimi məqamların əksini tapmamasının müxalifət tərəfindən tənqid olunmasına da münasibət bildirib: "Əvvəlcədən ilkin şərtlərlə danışırsınızsa, bu zaman irəliləyiş əldə olunmur. Biz bu məqamları önə sürsək, ermənilər də "soyqırım" haqda danışacaq".