Nazir və icra başçısı Daxili Qoşunların hərbi hissələrindən birində qonaq oldu
.jpg)
Dünən Azərbaycan Daxili Qoşunlarının Bakı qarnizonundakı hərbi hissələrindən birində təhsil naziri Misir Mərdanov və Səbail Rayon İcra HŞakimiyyətinin başçısı Asif Əsgərovla görüş keçirilib.
APA-nın məlumatına görə, eyni zamanda Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəblərdən bir qrup yuxarı sinif şagirdi də hərbi hissəyə səfər edib.
İştirakçılar ilk öncə hərbi hissə və Azərbaycan Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların döyüş yolunu əks etdirən eksponatlarla tanış olub, əsgər yataqxanasına, tibb məntəqəsinə, camaşırxanaya, xidmət otaqlarına baxıb. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq verilib. Daha sonra şəxsi heyətin gündəlik xidməti və hazırlığı, həmçinin bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib. Şəxsi heyət qarşısında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, hazırkı şəraitdə Azərbaycan ordusu sərhədlərimizi, ölkədə asayişi qorumaqla yanaşı, işğal altındakı torpaqları savaş yolu ilə azad etmək imkanına malikdir. Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etdiyini bildirən A. Əsgərov isə əsgərləri onlar üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb.
Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov isə ictimaiyyət nümayəndələrinin hərbi hissələrə səfərlərini müsbət qarşıladıqlarını və bunun böyük əhəmiyyət daşıdığını qeyd edib: "Bu həm orduda baş verən yeniliklərin cəmiyyət tərəfindən müşahidəsi, həm də şəxsi heyət üçün böyük əhəmiyyət daşıyır. Əsgərlər də onların xidmətilə maraqlananları, onların xidmətinə qiymət verildiyini gördükdə daha canla-başla hərbi xidmət keçirlər ".
Azərbaycanın mülki ali təhsil müəssisələrində ordu üçün psixoloqlar hazırlana bilər. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.
M.Mərdanovun sözlərinə görə, ali məktəblər hazırda psixoloq ixtisası üzrə kadrlar hazırlayır: "Bu gün Daxili Qoşunların komandanı ilə görüşdə də belə bir qənaətə gəldik ki, hərbi qurumlar üçün psixoloqların hazırlanması yaxşı olar. Görüşdə vurğulandı ki, müxtəlif hərbi hissələrdə psixoloq, sosioloq xidmətinə ehtiyac var. Gələcəkdə ali məktəblərdə hüquq mühafizə orqanları, hərbi qurumlar üçün psixoloqların hazırlanması mümkündür". M.Mərdanov onu da qeyd edib ki, orta məktəblərdə çağırışa qədərki hazırlıq fənninin yaxınlıqdakı hərbi hissələrdə keçilməsi daha yaxşı olar. Hazırda bir sıra məktəblər müxtəlif hərbi qurumlar tərəfindən hamiliyə götürülüb və onlar hərbi hissələrlə sıx əməkdaşlıq edir.