.jpg)
Azərbaycanın kredit bazarında mövcud olan vəziyyət son dövrlər cəmiyyətin xüsusi diqqət mərkəzində olan əsas hadisələrdən birinə çevrilib. Buna əsas səbəb indi ev, maşın və digər əmlak, o cümlədən məişət texnikası, mobil telefon alışında kreditlərin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır.
Xatırladaq ki, qlobal maliyyə böhranı ilə bağlı olaraq ötən il kredit verilişində yaranan problem ölkə miqyasında bütün satış göstəricilərinə təsir etmişdi və bunun fəsadlarına hələ də rast gəlinməkdədir. Bununla belə, artıq kredit bazarında müəyyən aktivliyin yaşandığı da aydın müşahidə olunur. Məsələn, araşdırmalar göstərir ki, ev təmir etdirmək üçün bankdan kredit götürənlərin sayı artır. Buna səbəb təmir bazarında getdikcə durğunluğun aradan qalxmasıdır. Bundan istifadə edənlərin əksəriyyəti isə əlində nağd pulu olmayanlardır.
Mütəxəssislər bildirir ki, bir il əvvələ nisbətən, təmir kreditləri üçün müraciət edənlər 50 faiz çoxalıb. Kredit verənlərin sözünə görə, artımın səbəbi təmir bazarında durğunluğun tədricən aradan qalxması ilə bağlıdır. Üstəlik, bir neçə il əvvəl alınan evlərin də tikintisi bitib və təmir vaxtı artıq çatıb. Əslinə baxanda, təmir kreditlərinin şərtləri başqalarından çox fərqlənmir. Faizlər, demək olar ki, eynidir - 22-24 %. Əvəzində belə kreditləri uzun müddətə - 5 ilə götürmək olur. Bank bu pulun necə xərcləndiyinə nəzarət edir.
Bank pulun həqiqətən təmirə xərcləndiyinə əmin olmaq üçün onu hissə-hissə verir. İşin bir hissəsi görülübsə, növbəti iş üçün kreditin ikinci hissəsi verilir və s. Təmir krediti yalnız müştəriyə, ya da onun ailə üzvlərinə məxsus olan ev üçün verilir. Pullu müştəri tapmaq çətinləşdiyinə görə, bəzi təmir şirkətləri də evi kreditlə təmir edir. Təmirin pulu 1 ilə ödənilir.
Təmir kreditləri 3000-dən 200 min dollara qədərdir. Məbləğ müştərinin gəlirindən asılıdır. 4-5 min manat kredit üçün 300-400 manatlıq maaş bəs edir. İctimai Televiziyanın məlumatına görə, təmir krediti üçün ən çox müraciət edənlər toya hazırlaşanlar, ticarətçilər və xarici şirkətlərdə işləyənlərdir. Təmir kreditləri həm köhnə, həm də yeni tikililərə verilir. Adi evlərin təmiri üçün verilən kreditlər 10-15 min manat arasında olduğu halda, yeni tikililərdə bu məbləğ 20-25 min manatdır. Fərdi yaşayış evlərində məbləğ daha yüksək olur.
Qeyd edək ii, indi ölkədə fəaliyyət göstərən əksər kommersiya bankları ev şəraitini daha yaxşı etmək və ya sadəcə olaraq əmlakının dəyərini artırmaq arzusunda olanlar üçün xüsusi kredit məhsulunu işləyib hazırlayıb. Təmir krediti müştəriyə imkan verir ki, xərclərini birdəfəyə deyil, iki il ərzində tədricən ödəsin. Digər kredit məhsulları ilə müqayisədə "Təmir Krediti" məhsulunun əsas üstün cəhəti budur ki, müştəri təmir üçün pul vəsaitlərini birdəfəyə deyil, tədricən, təmir işləri aparılarkən alır. Bu isə imkan verir ki, müştəri faiz ödənişləri üzrə xeyli qənaət qazanmış olsun - faiz yalnız kreditin faktiki olaraq alınmış və istifadə edilmiş hissəsinə hesablanır.
Bununla belə, araşdırmalar onu da göstərir ki, əhaliyə verilən kreditlərdə azalma hələ də davam edir. Məsələn, bu ilin yanvar ayında, ticarət və nəqliyyat sferaları istisna olmaqla, digər sektorlar üzrə kredit qoyuluşlarında azalma müşahidə edilib. Ən çox azalma əhaliyə verilən kreditlərdə qeydə alınıb. Ay ərzində ev təsərrüfatlarına verilən kreditlərin həcmi 10 milyon manat azalıb.
Mərkəzi Bankın verdiyi məlumata görə, ilin ilk ayında ev təsərrüfatlarına yönəldilən vəsaitlərin ölkə üzrə kreditlərdə payı azalaraq 27,7%-dən 27,5%-ə düşüb. Yanvar ayında kredit qoyuluşu ticarət və xidmət sektorunda 7,9 milyon manat, energetika, kimya və təbii ehtiyatlar sektorunda 2,1 milyon manat, kənd təsərrüfatında 3,3 milyon manat, inşaat və əmlak sektorunda 2,3 milyon manat, sənaye və istehsal sektorunda 7,6 milyon manat azalıb. Nəqliyyat və rabitə sektoruna kreditlərin həcmi isə hesabat ayında 9,7 milyon manat artıb. Digər artım hökumət idarələrinə yatırımlarda baş verib. Bu sektora kredit qoyuluşu 4 dəfə artaraq 2,5 milyon manata yüksəlib. Maliyyə sektoruna kredit qoyuluşunda da azalma tendensiyası müşahidə edilib. Yanvarda bu sektora kredit qoyuluşu 26,4 milyon azalaraq 139,2 milyon manata düşüb.