Olayda mühüm dövlət əhəmiyyətli tikintilər aparan "Azərsu" və "Azərenerji"nin də adı çəkilir
.jpg)
Bakıda bir müddət əvvəl tikintisi yarımçıq saxlanan binaların yenidən inşa olunması üçün tikintini həyata keçirən şirkətlərdən yenidən rüşvətlər istənilir. Bu barədə "OLAYLAR"a etibarlı mənbədən məlumat verilib.
Məlumata görə, tikinti şirkətləri maliyyə böhranı ilə əlaqədar işlərini müvəqqəti dayandırsa da, artıq yenidən həmin yarımçıq layihələrini davam etdirmək istəyir. Amma Bakı şəhər İcra Hakimiyyəti həmin tikinti şirkətlərinin rəhbərlərinə mane olur. Bakı meri Hacıbala Abutalıbovun imzası ilə tikinti şirkətlərinə bu barədə məktub göndərilib. Məktubda göstərilir ki, həmin tikinti şirkətləri yarımçıq qalmış tikinti layihələrini davam etdirmək üçün Bakı meriyasından yenidən icazə almalıdır. Tikinti şirkətlərindən birinə Bakı meri Hacıbala Abutalıbovun imzası ilə təqdim olunan məktubda göstərilir: "Hörmətli şirkət rəhbəri! Bildirmək istəyirik ki, sizin rəhbərlik etdiyiniz tikinti şirkəti Yasamal rayonu ərazisində 16 mərtəbəli yaşayış binasının tikintisinə başlayıb. Lakin 2009-cu ildə tikinti işləri yarımçıq qaldığı üçün həmin binanın tikintisinin standartlara uyğun olub-olmadığı məlum deyil. Buna görə də həmin tikililər texniki baxışdan keçirilərkən binada ciddi təhlükələr yaranıb. Bu səbəbdən də həmin tikililər yoxlanışdan keçirilməli və standartlara uyğun olduğu halda tikintinin davamına icazə verilməlidir".
Şirkət rəhbəri bildirib ki, məsələ ilə bağlı Bakı meriyasına müraciət edilsə də, meriyada tikintiyə icazə verilməyib. Meriyadan dolayısı yolla şirkət rəhbərlərindən "şirinlik" tələb edilib. Bu təklifdən imtina edən şirkət isə tikinti layihəsinə yaxın buraxılmır.
Mənbə məsələ ilə bağlı daha bir faktı da açıqlayıb. Bildirib ki, hətta dövlət əhəmiyyətli layihələri davam etdirən "Azərsu", "Azərenerji" və digər dövlət şirkətlərinin tabeliyində olan tikinti şirkətlərindən də yarımçıq layihələr üçün "şapka" istənilib.