Cəlilabadın İnili sakininin 87 sot torpağını "mal örüşü" adı ilə əlindən alıblar...
.jpg)
Azərbaycanda torpaq islahatının həyata keçirilməsindən uzun illər keçməsinə baxmayaraq, hələ də bu sahədə bəzi qüsurlar üzə çıxmaqdadır.
Belə ki, bəzi hallarda sadə insanlar onlara çatacaq torpaq payını tam şəkildə ala bilməyib. Bunu aidiyyəti qurumlardan tələb etdikdə isə onlar müxtəlif bəhanələr gətirməklə problemin birdəfəlik və ədalətli həllinə maneə olmağa çalışır. Torpaq problemilə üzləşən ölkə vətəndaşlarından biri də Cəlilabadın İnili kənd sakini Firudin Yaqubovdur. Dünən o redaksiyamıza gələrək, bu sahədə hansı problemlərlə üzləşdiyini nəql etdi. Onun dediyinə görə, 5 nəfərlik ailəsinə 5 hektar torpaq payı düşməli olduğu halda, bələdiyyə 4,13 hektara sahib olduğunu iddia edir:
"Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 20 iyul 1998-ci il tarixdə verdiyi dövlət aktına əsasən 5 nəfərlik ailəmizə 4 hektar 70 sot torpaq payı ayrılmışdı. Bu isə az idi. Ona görə ki, bizdə adambaşına 98 sot torpaq payı düşməli idi. Ailə üzvlərimizin say nisbətilə bizə 5 hektara yaxın pay torpağı verilməli idi. Bir müddət keçəndən sonra bu barədə islahat komissiyasına müraciət etdim. Soruşanda ki, nədən mənə az verilib, bildirdilər ki, sənin üzərində zəbt torpağı var. Biz valideynlərimizin evinə gəldiyimizi söyləyərək dediklərinin həqiqət olmadığını onlara başa saldıq. Həmin həyət 100 ilin həyətidir. İslahatla əlaqədar kənddə ikinci dəfə ölçü aparılarkən torpaq payımızın 5 hektara çatdırıldığını şifahi olaraq mənə xəbər verdilər. Bu anda 5 hektarlıq torpaq sahəsi əlimdədir. Amma 2000-2001-ci il arasında kəndçilərin əlində olan torpaq aktlarının yarısını yığaraq bildirdilər ki, yeni sənədlər veriləcək. Həmin vaxtdan indiyə kimi gözləsək də, hələ də yeni aktlardan xəbər yoxdur. Bu yaxınlarda bələdiyyə seçkiləri ərəfəsində bizə subsidiya verdilər. Həmin vaxt köhnə bələdiyyə mənim 4 hektar 13 sotluq torpaq payım olduğunu göstərdi. Azalmanın səbəbini bilmək istədikdə keçmiş bələdiyyə sədri yerdə qalan payın kənddə malların otarılması ilə əlaqədar örüş yeri üçün ayrıldığını iddia etdi. Bunun Bakıdan yazılıb göndərildiyini deyirlər, amma bizə heç bir akt verməyiblər. Sənədin guya Bakıdakı Torpaq Komitəsi tərəfindən verilmədiyini bildirirlər. Amma ilkin torpaq islahatında mal örüşü üçün 30 hektarlıq yer ayrılmışdı, ikinci islahat zamanı isə həmin 30 hektarlıq sahə də yoxa çıxdı. İndi mal örüşü yoxdur. Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri taxıl biçinindən sonra islahatın gedəcəyini elan etsə də, bu hələlik baş verməyib. Bilmək istəyirəm torpaq payımı azaldaraq olmayan mal örüşünə necə veriblər? Mal örüşü yoxdur, amma payım 87 sota qədər azalıb. Yeni bələdiyyə sədri bundan xəbərsiz olduğunu deyir, əvvəlki isə siyahının rayondan verildiyini, buna görə də heç nəyi dəyişə bilməyəcəyini iddia edir. Dövlət aktının nə zaman veriləcəyini də heç kim bilmir. Bu akt yoxdursa, o sahələr hələlik şifahi olaraq torpağımız sayılır. Əlimdə heç bir rəsmi sənəd olmadığından, hazırda torpağımın özümə məxsus olduğunu sübut edə bilmirəm. Torpağı əksək də, elə bil ki, özümüzün deyil, onu nə sata, nə də icarəyə verə bilirik. 87 sot torpaq payımın hara getdiyini bilmək istəyirəm. Mal örüşü də, gənclərə ayrılan 6 hektarlıq fond torpağı da yoxdur. Maraqlıdır ki, kənddə yaşayan bəzi insanların torpağından heç bir sot da kəsilməyib. Belə hal rayonda yalnız bizim kənddə baş verib. Ehtimal var ki, həmin kəsilən torpaqlar kənddə qeydiyyatda olmayan bəzi şəxslərə verilib. Bu işlə bələdiyyələr məşğul olduğundan, onlara şikayət etsəm də hələlik nəticəsini görməmişik. Daha yuxarı orqanlara, məsələn Torpaq və Xəritəçəkmə Komitəsinə də müraciət ünvanlayacağam".