Kənan Kərimov bacısının namusu üstündə qətlə görə 9 il aldı
Əvəz Əzimov onun bacısının videoçəkilişini yayırmış
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürmədə təqsirləndirilən Bakı şəhər sakininə hökm oxunub. APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Binəqədi qəsəbə sakini, 1992-ci il təvəllüdlü Kənan Kərimovun cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib.
Hökm çıxararkən hadisənin törədilmə motivi və digər məqamları yüngülləşdirici hal kimi nəzərə alınıb. Məhkəmənin hökmü ilə K.Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2009-cu il noyabrın 19-u saat 20:50 radələrində Binəqədi qəsəbəsində 1984-cü il təvəllüdlü Əzimov Əvəz Ənvər oğlunun deşilmiş-kəsilmiş xəsarətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kənan Eynulla oğlu Kərimov saxlanıb. K.Kərimov ilk ifadəsində cinayət törətdiyini etiraf edib və hadisəni törətməsinin səbəbinin Ə.Əzimovun bacısına sataşması olduğunu deyib. İttihama görə, Əvəz Əzimov Kərimovun bacısının G.K (ad şərti verilib) hərəkətlərini mobil telefonu ilə çəkib və daha sonra dostları arasında həmin çəkilişi yayıb. Ə.Əzimov çəkilişi çayxanada dostlarından birinə göstərən zaman K.Kərimov görüb və aralarında düşən münaqişə Ə.Əzimovun K.Kərimov tərəfindən qətlə yetirilməsilə nəticələnib. K.Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub.