.jpg)
"Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) soyadlarla bağlı konsepsiya hazırlayan komissiyası "-zadə" təklifini qəbul etməsə də, ictimai müzakirələrdə daha çox bu formanın qəbul olunması üçün israr edənlər var", Bu barədə çərşənbə günü Trend News-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilər.
Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda mövcud olan soyadların 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. "Konsepsiyadakı təkliflərlə razılaşmayanlar bu məsələnin, ümumiyyətlə sərbəst buraxılmasını, yəni indiyə qədərki kimi prosesin davam etməsi təklifini irəli sürür. Onların fikrincə, soyadların dəyişdirilməsi üçün xüsusi bir qanun, göstəriş, yaxud sərəncam da verilməməlidir", - millət vəkili əlavə edib. Komitə sədri isə hesab edir ki, son qərarı ölkə rəhbərliyi verməlidir.
"Müzakirələr bir neçə ay da davam etməlidir. Amma sonda ya konkret bir qanun qəbul olunmalı, ya da sərəncam verilməlidir. Bu məsələ mütləq qanunvericiliklə tənzimlənməlidir", - Cəfərov əlavə edib.
Onun fikrincə, soyadlarla bağlı parlamentdə müzakirələr də aparıla bilər. "Ya biz qanun qəbul etməli, ya da Prezident sərəncam imzalamalıdır. Bizim Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) mövcud qanunla işlədiyinə görə, soyadların dəyişdirilməsi üçün sərbəstliyə imkan verilmir. Bəzən vətəndaşlar soyadın dəyişdirilməsini təklif edir, amma VVAQİ-də keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edir. Bəzən isə, çətinliklər yaratmaqla olsa belə, vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər", - komitə sədri xatırladıb. Cəfərov hesab edir ki, yeni konsepsiyada soyadların dəyişdirilməsilə bağlı daha geniş sərbəstlik nəzərdə tutulduğundan, proses mütləq yeni qanunla tənzimlənməlidir. "Bu zaman soyadların dəyişdirilməsilə bağlı VVAQ idarələrinin də hüquqi əsası olacaq", - millət vəkili deyib.