Azərbaycanlı alim Çili zəlzələsinin Yeri öz oxundan araladığı barədə deyilənlərlə razılaşmır
Sudes Həsənov: "Yer kürəsi 27 millimetr öz orbitindən çıxsa, iki saatdan sonra bizlər nə bir-birimizlə söhbət edə, nə də bir-birimizi tanıya bilərik"
.jpg)
Mətbuatın yazdığına görə, Cənubi Amerikada yerləşən Çilidə fevralın 27-də baş verən 8,8 bal gücündə zəlzələ bütün dünyanı silkələyib. Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zəlzələ dünyanın orbitini belə dəyişib.
Reaktiv Hərəkət Laboratoriyasının əməkdaşı Riçard Qrossun apardığı hesablama göstərib ki, Yer kürəsinin kütləsinin dəyişməsi nəticəsində planetimiz oxundan təxminən 8 santimetr aralanıb. Nəticədə dünyada sutkanın uzunluğu da 1,26 millisaniyə azalıb. O, Çili zəlzələsini 2004-cü ildə İndoneziyanın Sumatra adasında baş verən təbii fəlakətlə müqayisə edib: "Həmin vaxt yer öz oxu ətrafında yerini 7 santimetr dəyişmişdi. İndi isə bu dəyişiklik 8 santimetrdir". Bu açıqlamadan belə görünür ki, hər bir dəhşətli təbii fəlakət nəticəsində Yer kürəsi oxundan, cüzi də olsa, aralanır. Görünür belə davam edəcəyi təqdirdə, planetimiz əvvəl-axır öz oxundan tamamilə çıxacaq. Təhlükənin ciddiliyini nəzərə alaraq, Qrossun hesablamasının nə dərəcədə əsaslı olub-olmadığını aydınlaşdırmaq üçün azərbaycanlı mütəxəssislərə müraciət etdik. Bakı Seysmik Stansiyasının müdiri Sudes Həsənov deyilən fikirlərin əsassız olduğunu bildirdi: "Yer kürəsi 27 millimetr öz orbitindən çıxsa, iki saatdan sonra bizlər nə bir-birimizlə söhbət edə, nə də bir-birimizi tanıya bilərik. Bunu heç vaxt yadınızdan çıxarmayın. Sovet imperiyası dağılandan sonra Amerika planetdə elə bir xaos yaradıb ki, hər kəs ağzına gələni deyir. İndi təəssüf ki, belə bir zamanda yaşayırıq. Çünki 20 ildir cinayətə görə cəza verilməsi yaddan çıxıb. Deyilən fikirlərin heç bir elmi əsası yoxdur. Onu yoxlamaq üçün yenidən böyük bir institut beş-altı il işləməlidir. Belə şeyləri ürəyə salmağına dəyməz, qorxulu bir şey yoxdur. Biz yerdə gedən prosesləri qeyd edərək bu barədə aidiyyəti qurumları məlumatlandırırıq. Planetlərin hərəkəti, qarşıdurmaları ilə astronomlar, astrofiziklər məşğul olur. Biz, sadəcə olaraq, cihazlar vasitəsilə gələn dalğaları qeyd edirik".