Vahid Məhərrəmov: "O zaman necə oldu ki, bizim istehsal etdiyimiz kartof bu ilin yanvar ayına kimi bəs elədi?"
.jpg)
Bazarda kartofun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə xeyli bahalaşıb. Bu bahalaşmanın nədən qaynaqlandığına isə düz-əməlli aydınlıq gətirən yoxdur. Məsələ ondadır ki, rəsmi məlumata görə, ötən il ölkədə 1 milyon tondan artıq kartof istehsal olunub. Ancaq buna baxmayaraq, kartof daha da bahalaşıb.
Kənd təsərrüfatı nazirinin müavini Sabir Vəliyev yerli telekanallardan birinə müsahibəsində bahalaşmanı onunla əlaqələndirdi ki, fermerlər bilərəkdən kartofun böyük hissəsini, sonradan istehlakçılara baha satmaq məqsədilə anbarlarda saxlayır. O üzdən bazarda kartof bahadır. Bu doğrudan da belədirsə, 2 aydan sonra həmin kartofun aqibəti necə olacaq? Çünki 2 aydan sonra sahələrdən kartof yığımı başlanır. O zaman belə çıxır ki, anbarlardakı kartofun böyük hissəsi çürüyəcək.
Məsələyə aydınlıq gətirmək üçün kənd təsərrüfatı nazirinin müavini S.Vəliyev ilə gün boyu əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, anbarlarda kifayət qədər çoxlu həcmdə kartofun olması haqda səslənən fikirlər reallığı əks etdirmir: "Belə olsaydı, kartof bu qədər baha olmazdı. Ötən ilin əvvəllərində kartofun 1 kilosunun topdansatış qiyməti, hardasa, 12-13 qəpik idi. Həmin ərəfədə böhran amili kartofa olan tələbatı aşağı salmışdı. Xüsusən də kartof Rusiyada realizə olunurdu. Bu baş vermədiyinə görə, kartof əkəinlərinin sahəsi azalmağa başladı. Ancaq rəsmi rəqəmlərdə bu şişirdilir. Anbarlarda kartof yığılıb qalıbsa, o zaman necə oldu ki, bizim istehsal etdiyimiz kartof bu ilin yanvar ayına kimi bəs elədi? Ona görə də deyilənlər düz deyil. Azərbaycana indi əsas idxal olunan kartof İrandan, Türkiyədən və Rusiyadan gətirilir. Soğan isə Özbəkistandan gətirilir. Deməyim odur ki, anbarlarda, deyildiyi kimi, kartof yoxdur. Bu gün kartofun qiyməti 60-90 qəpik arasında dəyişir. Gədəbəy kəndliləri heç bu günə qədər öz kartofunu anbarda saxlayarmı? Bu gün-sabah təzə kartof çıxacaq. Ona görə də bu mümkün olası iş deyil ki, guya bizim anbarlarda kifayət qədər kartof var. Anbarlarda artıq yerli məhsul, demək olar ki, tükənir. Soğan tamamilə tükənib. Kartof da çox az qalıb. Kartofun bir qismi də toxum materialı kimi saxlanır. Bununla əlaqədar bazarlarda kifayət qədər monitorinq aparmışam".
V.Məhərrəmov kartofçuluğun getdikcə azaldığını bildirdi. O, bunun səbəblərini belə izah etdi: "Hökumət yalnız taxılçılığın inkişafı üçün subsidiya ayırdığına görə, əksər kəndlilər gücü taxılçılığa yönəltdi. Ümumilikdə kartofçuluqla bağlı bir sıra ciddi problemlər var. Toxumçuluqda, istehsalda, kartofun saxlanmasında və satışında bir sıra ciddi problemlər var. Məsələ ondadır ki, bizdə şərait yoxdur kartofu uzun müddət saxlaya bilək. Biz, əsasən tez yetişən kartoflar becəririk ki, bunların da bir qismini Rusiyaya ixrac edirik".