Yardımlıda da torpaq sürüşməsi başlayıb
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, martın 1-də Yardımlının Telavar kəndində, Masallı-Yardımlı avtomobil yolunun 35-ci kilometrliyindən 7 km şimal-qərbdə, Viləş çayının sağ sahilində, Qaravulxana dağının yuxarı və aşağı yamaclarında torpaq sürüşməsi qeydə alınıb.
Sürüşmə ərazidə yerləşən evlərə təhlükə yaradıb. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri hadisə yerinə baxış keçirib. Müəyyən olunub ki, yuxarı yamacda təxminən 2000 kv/m ərazi, aşağı yamacda təxminən 5000 kv/m ərazi sürüşməyə məruz qalıb. Sürüşmə zonasında yerləşən bəzi tikililərin divarlarında çatlar əmələ gəlib, iki fərdi evin gələcək istismar üçün təhlükəli olduğu müəyyənləşdirilib. Hadisə zamanı xəsarət alan olmayıb.