Bakı-Sumqayıt yolunda "Nizami" kafesi priton kimi işləyir
Kapitan kimdir?
Bakı-Sumqayıt şossesində yerləşən "Nizami" kafesi əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bu barədə "OLAYLAR"a Sumqayıt sakinləri məlumat verib. Məlumata görə, sözügedən kafe məmurların razılığı ilə açıq-aşkar fəaliyyət göstərir və bu obyektə hüquq-mühafizə orqanları müdaxilə edə bilmir.
Sakinlər deyir ki, həmin ərazidə yerləşən digər kafelərdə insan alverinin qarşısı alınsa da, polislər bura yaxın gələ bilmir. Sakinlər qeyd edir ki, həmin kafeyə Sumqayıt, Abşeron və Bakıdan sifarişlə fahişələr gətirilir. Kafedə fahişələrin yemək-içməyi pulsuz edilir. Bundan başqa, bu güzəştlər bəzi müştərilərə də aid edilir. Məsələn, kafeyə çörək yeməyə deyil, fahişə dalınca gələnlərə pulsuz çay dəstgahı, sulu qəlyan və bəzi kiçik qəlyanaltılar pulsuz verilir. Sakinlər deyir ki, kapitan Nizami Yusifov kafeyə çörək yeməyə gələn vətəndaşlardan da artıq pul alır. Belə ki, kafedə iki nəfər yüngül nahar edirsə, sonda həmin müştərilərdən 2 qat artıq pul alınır. Narazılıq edən şəxs isə polislə hədələnir. Artıq bir neçə dəfə kafedə bahalığa narazılıq edən şəxslər həbs edilib. Kafedə narazılıq edənlər obyektdə saxladığı idmançılar tərəfindən döyülür və Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidməti əməkdaşları ilə qorxudulur.
Qeyd edək ki, 2007-ci ildə Sumqayıt şəhər icra başçısı Vaqif Əliyevin göstərişilə Bakı-Sumqayıt şossesində kafe adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvaları dağıdılmışdı. Amma həmin vaxt bir neçə obyekt dağıdılmadı ki, bu obyektlərdən biri də məhz "Nizami" kafesi oldu. Həmin vaxt bu kafe bir müddət normal fəaliyyət göstərsə də, sonradan yenə də fahişəxanaya çevrilib.
Mövzuya qayıdacağıq.