Regiondakı qadınlar dövlət əhəmiyyətli qərarların qəbulunda iştirak edirmi?
Regional Qadın Təşəbbüsləri İctimai Birliyi Şəki, Qəbələ, Zaqatala və Oğuz rayonlarını əhatə edəcək yeni layihənin icrasına başlayır.
Layihənin məqsədi regionlarda siyasətdə və dövlətin əhəmiyyətli qərarlarının qəbul edilməsində qadınların balaslandırılmış iştirakının monitorinqi və debatların keçirilməsidir. Birliyin sədri Mehriban Əliyevanın sözlərinə görə, altı ay davam edəcək layihə çərçivəsində adıçəkilən regionlarda Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə (o cümlədən Azərbaycana) "Siyasətdə və dövlətin əhəmiyyətli qərarlarının qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakı haqqında" tövsiyələri təsirlərinin monitorinqi aparılacaq. Monitorinqə statistik təhlil, hədəf qrupları ilə fərdi söhbətlər və müşahidələr daxildir.
İkinci mərhələdə aparılan monitorinqin nəticələri ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Sonda isə Şəki rayonunda monitorinqin nəticələrinə həsr olunan iki debat təşkil ediləcək.
Regional Qadın Təşəbbüsləri İctimai Birliyinin bu layihəsi gender mədəniyyətinin inkişafına xidmət edir.
Eldar XƏYAL