Azad İsazadə: "Cavanların həyat təcrübəsi az olduğu üçün, bəzən ölümü bütün problemlərin həlli yolu kimi dəyərləndirirlər"
.jpg)
Son zamanlar tez-tez cavan qızların intihara əl atmasına dair məlumatlara rast gəlirik. Kürdəmirdə, Astarada, Sumqayıtda və digər rayonlarda həddi-büluğa çatmış qızların intihar halları artmaqdadır.
"Nəyə görə qızlar intihar edir, özlərinə ölüm arzulayır" sualı həmişə psixoloqları, sosioloqları düşündürür. Ölümdən başqa çarə görməyən bu qızların intiharına səbəb çox vaxt məhəbbət, sevgi olur. Amma başqa səbəblər də mövcuddur.
Mütəxəssislər bunu cəmiyyətin sosial durumu, məişət problemlərilə əlaqələndirir. Psixoloqların fikrincə, cəmiyyətdə yaşanan problemlər gənclərin və yeniyetmələrin həyat tərzinə daha çox təsir edir, onların depressiya yaşamasına gətirib çıxarır. Bu da sonucda intihar hallarının artmasına rəvac verir. Maraqlıdır ki, intihar olaylarının sayına görə, inkişaf etmiş ölkələr liderlik edir. Son illər Azərbaycanda da 11-34 yaş arası insanların intihar etməsi, demək olar ki, adiləşir. Ekspertlər ölkəmizdə intihara hərbçilər və gənc qızların daha çox meyl etdiyini düşünür.
Ekspertlərin fikrincə, əsasən, soyuq aylarda intihar edənlərin sayı çox olur. Bu aylarda psixoloji cəhətdən zəif insanlar tez depressiyaya düşür və nəticədə həyatına son qoymağa qərar verir. Mütəxəssislərin zənnincə, hazırda insanlar yaxınları ilə təmasda olmaqdan yayınır. Belə olan halda, onlar daha çox tənha həyat sürməyə məhkum olur. İnsanlar arasında ünsiyyət azaldığından, özünə qapanma halı yaranır. Bəzi şəxslər özünə qapanaraq həyatdan küsür, sonda çıxış yolu olaraq intiharı seçir.
Psixoloq Azad İsazadə ölkədə intihar hallarının sayının zaman-zaman dəyişdiyini dedi. O, ölkədə bu halların dəqiq sayının və səbəblərinin analiz edilməsinin mümkünsüz olduğunu bildirdi. A.İsazadənin sözlərinə görə, intihar halları düzgün qeydə alınmır: "Mərhumun yaxınları çox zaman intiharın səbəbini gizlətməyə çalışır. Bəzi hallarda intiharı təsadüfi bir hadisə, ya da fizioloji ölüm kimi qələmə verirlər. Nəticədə intiharın səbəbi aşkarlanmamış qalır. Cavanların həyat təcrübəsi az olduğu üçün, bəzən ölümü bütün problemlərin həlli yolu kimi dəyərləndirirlər". Onun sözlərinə görə, intihara səbəb olacaq birinci amil depressiyadır. Bu hal insanlarda ümidsizlik yaradır və intihara səbəb olur.
Müsahibimiz hesab edir ki, gənc qızların intihar etməsinin birinci günahkarı valideynlər və oğlanlardır: "Dövlət səviyyəsində konseptual tədbirlər həyata keçirilməlidir. Televiziyada həyatın gözəl və mənalı olmasına dair verilişlər göstərilməlidir" deyən ekspertin sözlərinə görə, televiziyada intiharla bağlı kinoların nümayişi qəbuledilməzdir.
Qızların intihara əl atması əsasən iki amillə bağlı olur: Ailəsi tərəfindən məcburi ərə verilmə və seksual xarakterli zorakılığa məruz qalma. Onu da bildirək ki, 2009-cu ilin birinci yarısına aid məlumatlara görə, Azərbaycanda yetkinlik yaşına çatmayan 4000 nəfər qız zorla ərə verilib.
"Yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsi və insan alverinin qurbanına çevrilməsi" layihəsi çərçivəsində Vətəndaş Təşəbbüsləri Mərkəzinin apardığı araşdırmalar zamanı məlum olub ki, 2009-cu ildə insan alverinin qurbanına çevrilmiş 65 nəfər qız zorakı nikahlara cəlb olunma nəticəsində əxlaqsızlığa yuvarlanıb. Təəssüf ki, belə faktlar yalnız əxlaqsızlığa deyil, AİDS kimi həyat üçün təhlükəli xəstəliklərin yayılmasına da yol açır. Bu cür ağır xəstəliyə yoluxanlar da intihara əl ata bilir. Ötən ilin fevral və mart aylarında Lənkəran, Astara və Masallı rayonlarında yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsi faktları aşkarlanıb. Belə problemlərə Lənkəran şəhərinin özündə, demək olar ki, nadir halda rast gəlmək olar. Amma kəndlərdə vəziyyət acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız evdə qalmış hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Bu baxımdan Masallı rayonunda vəziyyəti daha təhlükəli hesab edən ekspertlər bildirir ki, bu rayonda qızlar, ən yaxşı halda, 5-ci və ya 6-cı sinfə qədər dərsə gedə bilir. Qızların təhsildən yayındırılması kimi hallar da sonda arzuolunmaz nəticələrə gətirib çıxarır. İntiharlar, əxlaqsız yola düşmə və s. hallar təhsilin aşağı səviyyəsilə bu və ya digər şəkildə bağlı olur.