"Space" çoxlarını bezdirmiş meyxana yarışmasını yenidən qaytarır
Televiziyanın nümayəndəsi özlərinə necə haqq qazandırır?
Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" yazısından sonra, tam şəkildə olmasa da, yerli televiziyaların proqram siyasətində, verilişlərində müəyyən müsbət dəyişikliklər baş verdi.
Televiziyaların bəziləri öz efirində milli-mənəvi dəyərlərin təbliğinə, maarifçiliyə, vətənpərvərliyə bu qədər geniş yer verməyə başladı. Bir sıra televiziyalarda şou proqramların sayında azalma müşahidə edildi. Məlumdur ki, akademik Mehdiyevin bu yazısına qədər televiziya mühitində sözün əsl mənasında qarışıqlıq, xaos hökm sürürdü. Televiziyalar öz efirini şou müğənnilərinin, qeyri-peşəkar şəxslərin ixtiyarına vermişdi. Bu adamlar efirə çıxıb, onlara verilən fürsətdən istifadə edərək, istədikləri sözü cəmiyyətə sırıyır, ara musiqisi, səsi olmayan səviyyəsiz şou müğənniləri efirlərdə meydan sulayırdı. İndi isə televiziyaların çoxunda bu mənzərəni müşahidə etmirik. Özünü efirdə apara bilməyən şəxslər isə artıq özlərini yeni efir qaydalarına uyğunlaşdırmağa çalışır.
Akademik R.Mehdiyevin sözügedən yazısında tənqid hədəfinə çevrilən məsələlərdən biri də telekanallarda meyxana yarışmalarının geniş vüsət alması idi. R.Mehdiyev meyxananın teleməkanı başına götürməsini, bəzi meyxanaçıların etikadan kənar fikirlər işlətməsini, milli-mənəvi dəyərlərin, vətənpərvər ruhlu verilişlərin televiziyalardan "qaçaq" düşməsini ciddi şəkildə pisləyirdi. R.Mehdiyevin yazısından bir müddət sonra bütün kanallar bu yarışmaları eyni zamanda dayandırdı. ATV kanalı isə nəinki meyxananı, hətta tənqid hədəfinə çevrilən bəzi şou proqramları qapatdı. Uzun müddət idi ki, televiziyalarda meyxana yarışmasına ara verilmişdi.
Qeyd edək ki, R.Mehdiyevin yazısına qədər meyxanaçılar yeni meyxana layihələrinin eyni vaxtda müxtəlif televiziya kanallarında nümayiş etdiriləcəyini deyirdi. Hətta o da bildirilirdi ki, artıq bu proqramların hamısı üçün sponsorlar da tapılıb. Lakin cözügedən məqalə meyxanaçıların ideyasının reallaşmasına imkan vermədi. Əldə elədiyimiz məlumata görə, bu layihələri efirə yaymaqda maraqlı olan telekanallar və onlara sponsorluq vəd edən şirkətlər yazıdan sonra meyxana layihələrinə yaxın durmayıb. Bir məsələni də deyək ki, son vaxtlar, müəyyən xırda-para verilişləri çıxmaq şərtilə, meyxanaçılar televiziya proqramlarına belə dəvət edilmir. Məlumdur ki, meyxananın telekanallarda tüğyan elədiyi vaxtda meyxananı onu dərindən bilən, araşdırıb geniş məqalələr yazan qələm adamlarının özləri belə, bu sahənin teleməkanda ifrat dərəcədə təbliğinin əleyhinə çıxmışdı. R.Mehdiyevin məqaləsi isə bu adamların fikirlərini daha da etibarlı, mötəbər elədi.
Bir neçə gündür ki, "Space" kanalında "Sözün var?" meyxana yarışmasının anonsu gedir. R.Mehdiyevin məqaləsindən sonra bu kanalda meyxana yarışmasının keçirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Ziyalılar hesab edir ki, başqa telekanallar meyxana yarışmasına son qoymuşdusa, "Space" də bu ənənəni davam etdirməli idi. Bu kanalın belə bir yarışma keçirməsini əksər insanlar normal qəbul eləmir. Onların fikrincə, meyxana milli-mənəvi dəyərləri, bütöv mədəniyyətimizi və s. əks etdirmədiyi üçün onun yenidən keçirilməsinə heç bir ehtiyac yoxdur.
Bu müsabiqəni "Space" təşkil edib, yoxsa meyxanaçılar özləri?
Meyxanaçı Namiq Məna bizimlə söhbətində bildirdi ki, bu yarışmanın təşkilində meyxanaçıların heç bir rolu yoxdur, bu sırf "Space"in öz ideyasıdır":Bu meyxana yox, bədihə yarışması olacaq. Yarışma bu telekanalın öz layihəsidir. Artıq onun anonsu televiziyada gedir. Nə zaman başlayacağından isə xəbərim yoxdur".
Azərbaycan Meyxanaçılar Birliyindən verilən məlumata görə isə, onlar yarışma haqda yalnız televiziyada gedən reklamdan xəbər tutub. "Space" ilə də əlaqə saxladıq. Telekanalın Əyləncəli Proqramlar Departamentindən bizə dedilər ki, bu layihə "Space"in yox, hansısa bir prodakşnın layihəsidir, sadəcə, -bu kanal yarışmaya efir vaxtı verir. Departamentin əməkdaşlarından biri "Ramiz Mehdiyev ifratçılığın əleyhinədir. O demir ki, Azərbaycan xalqının qədim folklor janrı olan meyxana tamamilə efirdən yığışdırılsın. Hər bir azərbaycanlı meyxananı sevir" deyə bildirdi.
Meyxana yarışını hansı prodakşnın keçirdiyinə gəlincə, departament əməkdaşı bundan xəbərsiz olduğunu söylədi: "Bilmirəm, hansı prodakşn keçirir. Meyxana yarışması efirə çıxanda hamı bunu biləcək. Tələsmək lazım deyil".
Sonda qeyd edək ki, meyxana yarışmalarına münasibətdə "Space"in yeni layihəsi digər televiziyaların narazılığına səbəb olub. "Niyə ona olar, bizə olmaz" sualı müzakirə olunmağa başlayıb.
Gülnaz ÇƏLƏBİYEVA